12 fevral 2026-cı il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Yeni Kərki sakinləri ilə görüşüb.
Görüşdə İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin Yeni Kərki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları iştirak edib.
İcra başçısı çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbulların mütəmadi təşkil olunduğunu vurğulayıb.
Kamal Ələkbərov ölkə başçısının muxtar respublikamıza göstərdiyi diqqət və qayğıdan, "Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illər üçün sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"ndan, rayonda həyata keçiriləcək dövlət layihələrindən vətəndaşlara məlumat vermişdir. Qeyd edildi ki, rayonun qəsəbə və kəndlərində mövcud su problemlərinin aradan qaldırılması məqsədilə lazımi tədbirlər layihələşdirilib və mərhələli şəkildə icrasına başlanılacaqdır.
Görüşdə sakinlərin qayğıları ilə maraqlanılıb, müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, müraciətlərin icrası nəzarətə götürülüb.
Kənd sakinləri göstərilən diqqət və qayğıya, o cümlədən müraciətlərinin həllinə yönəlmiş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.