Oktyabrın 15-də Kəngərli Rayon İcra Hakimiyyətində Prezident cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə təltif edilmiş rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ağa Seyidova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxışında tədbirin əlamətdar bir günə təsadüf etdiyini vurğulayaraq bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 22 il ötür. O diqqətə çatdırıb ki, 15 oktyabr 2003-cü il tarixində Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyev yolunun davam etdirilməsini yekdilliklə dəstəkləməsi ölkəmizin dinamik və hərtərəfli inkişafına, uğur və qələbələrinə təminat yaradıb. Ötən illər ərzində respublikamız sürətli inkişaf yolu keçib, güclü dövlət, qüdrətli ordu və möhkəm beynəlxalq nüfuza malik müasir Azərbaycan formalaşıb, ərazi bütövlüyümüz tam bərpa olunub.
İcra başçısı çıxışında ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərini önə çəkib, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyasının onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən yüksək peşəkarlıq və müasir yanaşma tərzi ilə uğurla davam etdirildiyini, bu istiqamətdə kompleks islahatların aparıldığını vurğulayıb. Bildirib ki, dövlətimizin başçısının islahatlar proqramının əsas istiqamətlərindən biri də dövlət qulluğu sisteminin yüksək səviyyədə qurulması və vətəndaş məmnunluğuna nail olunmasıdır. Bu gün ölkə rəhbəri tərəfindən dövlət qulluqçularının fəaliyyətinə xüsusi diqqət və qayğı göstərilir, dövlət qulluğunda fərqlənənlərin fəaliyyəti daim yüksək qiymətləndirilir.
Sonra Kamal Ələkbərov Ağa Seyidova “Dövlət qulluğunda fərqlənməyə görə” medalını təqdim edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ağa Seyidov onun əməyinə veriən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib və dövlət qulluqçularının fəaliyyətində müəyyənləşdirilən prinsiplərə daim sadiq qalacağını vurğulayıb.