Prezident İlham Əliyev müşavirədə torpaqlardan səmərəli istifadənin vacibliyini vurğulayaraq bildirib ki, əsas məqsəd məhsuldarlığın maksimum artırılması və torpaq sahələrinin dəqiq analizinin aparılmasıdır. Onun sözlərinə görə, hansı ərazidə hansı məhsulun yetişdirilməsinin daha məqsədəuyğun olduğunu müəyyənləşdirmək üçün rayonlaşma məsələləri xüsusi əhəmiyyət daşıyır.
Bununla yanaşı qeyd olunub ki, eyni rayon daxilində torpaq sahələrinin keyfiyyəti fərqli ola bilər. Buna görə də hər hansı rayonda yalnız bir məhsulun yetişdirilməsinin düzgün yanaşma olmadığını bildirib. Dövlət başçısı vurğulayıb ki, hər bir torpaq sahəsi üzrə dəqiq analiz aparılmalı, elektron sistemlərdən, yeni texnologiyalardan, süni intellektdən, peyk imkanlarından və yerlərdə aparılan tədqiqatlardan istifadə olunmalıdır. O qeyd edib ki, ölkə ərazisinin böyük olmaması bu işlərin həyata keçirilməsini asanlaşdırır və artıq müəyyən işlər görülüb.
Prezident bildirib ki, hər bir əkin üçün yararlı torpaq sahəsinin xüsusi “pasportu” olmalıdır. Həmin pasportda hansı məhsulun daha səmərəli olduğu və fermerə daha çox gəlir gətirəcəyi öz əksini tapmalıdır. O qeyd edib ki, kənd təsərrüfatının inkişafı və ixrac strategiyası da məhz bu prinsiplər üzərində qurulmalıdır. İxrac məsələsinin bazarlardan asılı olduğunu deyən dövlət başçısı ənənəvi və yeni bazarlarla bağlı təhlillərin aparılmasının vacibliyini vurğulayıb. Bildirib ki, tərəfdaş ölkələrlə müzakirələr aparılmalı, Azərbaycan məhsullarına gələcəkdə də tələbatın olub-olmayacağı müəyyənləşdirilməlidir. Subsidiyalar verilərkən daxili tələbatın ödənilməsi və ixrac imkanlarının genişləndirilməsi əsas amillərdən biri kimi nəzərə alınmalıdır. Prezident qeyd edib ki, subsidiya mexanizmləri çevik olmalı, hətta hər il yenidən nəzərdən keçirilməlidir. Həm rayonlar, həm də yetişdirilən məhsullar üzrə subsidiya siyasətinin dəyişən şəraitə uyğunlaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Dövlət başçısı kənd təsərrüfatı texnikası ilə təminat sahəsində də böyük işlər görüldüyünü bildirib. Son 20 ildə texnika parkının tamamilə yeniləndiyini, köhnə texnikaların demək olar ki, istifadədən çıxdığını qeyd edib. Fermerlər üçün qəbul edilən şərtlərin yaradıldığını və artıq Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalına başlanıldığını vurğulayıb. Gələcəkdə bu istiqamətdə əlavə addımların atılacağını da bildirib.
Prezident gübrə istehsalının artırılmasının vacibliyinə toxunaraq qeyd edib ki, Karbamid zavodunun fəaliyyəti nəticəsində Azərbaycan yalnız özünü deyil, bir çox ölkələri də azot gübrəsi ilə təmin edir. Bununla yanaşı vurğulayıb ki, yalnız bir növ gübrə kifayət deyil və müxtəlif növ gübrələrə ehtiyac var. Bu məqsədlə xarici şirkətlərlə qarışıq gübrə istehsalının təşkili və gübrələrin fasiləsiz idxalı ilə bağlı müzakirələr aparıldığını bildirib. Dünyada gübrə bazarında qeyri-müəyyən vəziyyətin yarandığını, bəzi zavodların qazın bahalaşması səbəbindən fəaliyyətini dayandırdığını qeyd edən Prezident əlavə edib ki, Azərbaycan bütün növ gübrələri istehsal edə bilməsə də, çeşidlərin artırılması istiqamətində addımlar atmalıdır.
Dövlət başçısı kənd təsərrüfatı ilə məşğul olan şəxslər üçün metodik tövsiyələrin, treninqlərin və maarifləndirmə tədbirlərinin uzun illərdir həyata keçirildiyini bildirib. Sığorta məsələlərinin də daha təkmil şəkildə təşkil olunmasının vacibliyini qeyd edib.
Prezident bildirib ki, son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb.
Biz kənd təsərrüfatının inkişafı ilə əlaqədar birinci proqramı qəbul edəndə soyuducu anbarların yaradılması məsələsi çox kəskin dayanmışdı. Çünki bu olmadan məhsulu saxlamaq mümkün deyil. Deyə bilərəm ki, son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb. İndi təsəvvür edin ki, bu olmasaydı. Burada da onların mütləq əksəriyyəti güzəştli, azfaizli kreditlər hesabına yaradılıb. Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılmalıdır.
Prezident su təchizatının kənd təsərrüfatının inkişafı üçün əsas şərtlərdən biri olduğunu qeyd edib. Burada da qeyd etdiyim kimi, bir çox önəmli layihələr icra edildi. Su anbarları - Taxtakörpü, Şəmkirçay ən böyük su anbarlarıdır, Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda bizim 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Çünki vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək.
Şirvan kanalının tikintisinə biz beton kanal olaraq başlamışıq və yəqin ki, gələn il artıq istifadəyə veriləcək. Bu da böyük həcmdə torpaq sahələrini su ilə təmin edəcək. Bu barədə bu gün məruzə ediləcək.
Biz Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlamışıq. Vaxtilə bunlar Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalları adlandırılırdı. Amma Aşağı Şirvan, Aşağı Qarabağ kanalları olmadığı üçün biz qərara gəldik ki, bunları elə Şirvan və Qarabağ kanalları adlandıraq. Yəni bu kanallar işə düşəndən sonra bəlkə də 200-300 min hektar torpağa su veriləcək. Ancaq bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu da Dövlət Proqramında nəzərdə tutulur. Müasir suvarma sistemləri hazırda, - bu da dövlətin dəstəyi ilə mümkün olub, - 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın, nə qədər məhsuldarlıq arta bilər.
Məhsuldarlığa gəldikdə, son illər ərzində burada artım var və biz bunu yüksək qiymətləndiririk.
Misal üçün taxılçılıqda, bizdə bu gün hər hektardan 3,2 ton məhsul yığılır. Əvvəlki illərdə bu, təqribən 2 ton, bəlkə də bir qədər çox idi. Məqsəd bunu 5 tona çatdırmaqdır.
Pambıqçılıq sahəsinə toxunan dövlət başçısı qeyd edib ki, əvvəllər hər hektardan cəmi 1 ton məhsul əldə olunurdusa, görülən işlər nəticəsində bu göstərici 3,6 tona çatıb. Bu da bütün dövrləri, hətta sovet dövrünü götürsək, ən yüksək nəticədir. Amma məqsəd hər hektardan ən azı 5 ton götürməkdir. Belə olan halda bizdə 100 min hektarda ki, pambıq əkilir, 500 min ton pambıq istehsal olunacaq. Əlbəttə ki, bunun ondan sonrakı emalı məsələlərinə də biz baxırıq. İplik, ondan sonra hazır məhsul - qarşıya məqsəd qoyulmalıdır ki, biz mahlıc ixrac etməyək, hazır məhsul istehsal edək, ixrac edək. Bu istiqamətdə artıq işlər görülür. Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm.
Prezident intensiv bağçılıq sahəsində də müsbət nəticələrin əldə olunduğunu bildirib. Azad edilmiş ərazilərdə, xüsusilə Ağalı kəndi yaxınlığında salınmış meyvə bağlarından artıq ixrac həyata keçirildiyini qeyd edib. Yəni intensiv bağçılıq, xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada qarşıya məqsəd qoyulur ki, 20 min yeni hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun.
İstixana komplekslərinə də toxunan Prezident qeyd edib ki, hazırda ölkədə 1500 hektarı əhatə edən istixanalar fəaliyyət göstərir və əlavə 500 hektar sahənin yaradılması planlaşdırılır. Bu sahədə əsas yükün özəl sektorun üzərinə düşdüyünü vurğulayıb.
Dövlət başçısı bildirib ki, ət, süd və quş əti məhsulları üzrə ölkənin özünü 100 faiz təmin etməsi əsas hədəflərdəndir. Hazırda bu göstəricilərin təxminən 80-90 faiz səviyyəsində olduğunu deyən Prezident qeyd edib ki, 2026-2030-cu illəri əhatə edəcək proqram qısamüddətli xarakter daşımalıdır. Proqramın icrası üçün cəmi dörd il yarım vaxt qaldığını vurğulayıb və dövlət xətti ilə maliyyələşmə üçün bu ildən vəsait ayrılmasının vacibliyini bildirib.
Prezident Hökumətə tapşırıq verərək qeyd edib ki, proqramın maliyyələşdirilməsi üçün vəsait tapılmalı və Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Prezident Administrasiyası və digər qurumlar özəl sektorla fəal işləməlidir. Təxmini hesablamalara görə, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə təxminən 3 milyard manatdan artıq vəsait tələb olunduğunu bildirib. Bunun çox böyük məbləğ olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, proqram qəbul edilən kimi dərhal icraya başlanılmalıdır.