
Tarixi Zəfərdən sonra Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, iqtisadi potensialının bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi olmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdır. Ərazilər minalardan təmizlənir, yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, yollar, körpülər, tunellər, hava limanları və digər infrastruktur obyektləri tikilir, tarixi-mədəni abidələr və məscidlər bərpa olunur.
2022-ci il noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Böyük Qayıdış ölkəmizin 2030-cu ilədək müəyyən edilmiş beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur.
2020-ci ildən 2026-cı il də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılmışdır. 2027-ci ildə bu məqsədlə 3,4 milyard manat vəsait nəzərdə tutulmuşdur. 2025-ci il mayın 30-da isə Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsinin hazırlanması ilə bağlı Sərəncam imzalanmışdır.
2026-cı il oktyabrın 23-dək işğaldan azad edilmiş ərazilərdə bərpa olunmuş yaşayış məntəqələrinə 10 min 114 ailə, ümumilikdə 40 min 922 nəfər köçürülmüşdür. Bu günədək 10 şəhər, 3 qəsəbə və 34 kənd olmaqla, ümumilikdə 47 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilmişdir. Hazırda azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Qarabağ Universitetində isə 3330-dan çox tələbə təhsil alır.
Doğma yurdlarına qayıdan sakinlərin məşğulluğunun təmin olunması istiqamətində də mühüm işlər görülür. İqtisadi fəal əhalinin 11 min 937 nəfərinin məşğulluğu təmin edilmiş, 8 min 56 nəfər vakansiyalar üzrə işlə təmin olunmuş, 1051 nəfər özünüməşğulluq proqramına cəlb edilərək kiçik ailə təsərrüfatlarını qurmaq üçün aktivlərlə təmin edilmişdir.
Bununla yanaşı, Qarabağda sosial xidmətlərin əlçatanlığının artırılması məqsədilə DOST və ASAN xidmət infrastrukturu yaradılmışdır. Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, Qarabağ Regional DOST Mərkəzi, Şuşa filialı, Kəlbəcər və Füzuli DOST məntəqələri fəaliyyət göstərir. 2024-cü ildə Şuşa regional “ASAN xidmət” mərkəzi də istifadəyə verilmişdir.
Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlət qayğısı
Vətən müharibəsindən sonra şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun təmin olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
2026-cı ilin oktyabr ayına olan məlumata görə, postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132 min şəxsə 443 min xidmət göstərilmiş, 7354 mənzil və 586 avtomobil təqdim edilmişdir. 106 min şəxsə 120 min aylıq sosial ödəniş təyin olunmuş, 30,9 min şəxsin məşğulluğu təmin edilmiş, 25,9 min şəxsə birdəfəlik ödəniş verilmişdir. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 107 min reabilitasiya vasitəsi və 626 yüksək texnologiyalı müasir protez təqdim edilmişdir.
2026-cı ilin sentyabr ayına olan məlumata əsasən, şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilmiş, onlardan 13 min 700 nəfər özünüməşğulluq proqramına cəlb edilmişdir.
Şəhid ailələrinə və qazilərə dəstəyin artırılması məqsədilə “YAŞAT” Fondu da mühüm fəaliyyət göstərir. Fond tərəfindən indiyədək 19 min 791 şəxs öhdəliyə götürülmüş, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həllinə 96 milyon manata yaxın vəsait xərclənmişdir.
Bundan başqa, müharibə iştirakçılarının qəhrəmanlığının və xidmətlərinin qiymətləndirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsinin 160 minə yaxın iştirakçısı müxtəlif orden və medallarla təltif olunmuşdur.
Dövlət başçısının vurğuladığı kimi:
“Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.”
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, birliyinin, iradəsinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür. Bu Qələbə uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, güclü iqtisadiyyatın, qüdrətli ordunun və xalq-ordu birliyinin məntiqi nəticəsi olmuşdur.
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində öz tarixi torpaqlarını azad etməklə beynəlxalq hüququn və tarixi ədalətin bərpasına nail olmuş, 2023-cü ildə isə dövlət suverenliyini tam təmin etmişdir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış prosesi və sosial layihələr Zəfərin davamı olan yeni inkişaf mərhələsinin əsasını təşkil edir.
Qazanılmış tarixi Qələbə şəhidlərimizin canı və qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına əldə edilmişdir. Onların əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, Zəfər tariximiz gələcək nəsillər üçün qürur və vətənpərvərlik nümunəsi olacaqdır.