12 mart 2026-cı il tarixdə Kəngərli rayon Böyükdüz kəndində ümumi təhsil müəssisələrində yuxarı sinif şagirdlərinin, müəllimlərin və valideynlərin iştirakı ilə insan hüquqları və gender bərabərliyi barədə məlumatlılığının artırılması, məişət zorakılığının, təhsildən yayınmanın və erkən evliliyin fəsadları ilə bağlı maarifləndirici tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər Səfərov tədbir iştirakçılarına tədbirin mahiyyəti barədə məlumat verib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva qeyd edib ki, cəmiyyətin davamlı inkişafında insanların hüquq və azadlıqları, gender bərabərliyinin təmin olunması, həmçinin məişət zorakılığının qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə ümumi təhsil müəssisələrində yuxarı sinif şagirdlərinin, müəllimlərin və valideynlərin iştirakı ilə həyata keçirilən maarifləndirici tədbirlər mühüm nəticələr verir.
O bildirib ki, bu gün keçirilən tədbirin əsas məqsədi insan hüquqlarına dair biliklərin artırılması, qız və oğlan şagirdlər arasında gender bərabərliyi barədə düzgün təsəvvürlərin formalaşdırılması, eləcə də məişət zorakılığının, təhsildən yayınmanın və erkən evliliyin fəsadları barədə məlumatlandırmanın gücləndirilməsidir.
Zərnigar Orucəliyeva vurğulayıb ki, gender bərabərliyi cəmiyyətin hər bir üzvünün bərabər imkanlara malik olması, şəxsi inkişaf və sosial həyatda iştirak üçün maneələrin aradan qaldırılması deməkdir. Bu dəyərlərin məktəblərdə aşılanması gənclərin sağlam, təhlükəsiz və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir.
Qeyd edək ki, tədbir diskussiya şəklində davam edib, iştirakçılara mövzu ilə əlaqədar broşürlər paylanılıb.