Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuş, 181 nəfər əsir və itkin düşmüşdür.
5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
Azərbaycan Ordusu yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirərək, 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri daxil olmaqla, rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini işğaldan azad etdi. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.
Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 Oktyabr – Füzuli Şəhəri Günü elan edilmişdir.
Bu əlamətdar hadisə təkcə dahi şairin adını daşıyan rayonun sakinlərində deyil, ölkəmizin hər bir vətəndaşının qəlbində böyük ruh yüksəkliyi və coşqu yaratmışdır.