“Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda təlim keçirilib

7 oktyabr 2025-ci il tarixdə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Erkən nikah uşaq hüquqlarının pozulmasıdır” mövzusunda təlim keçirilib.
Təlimin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər Səfərov keçirilən təlimin əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq Problemləri şöbəsinin baş məsləhətçisi Müşərrəf Bağırova çıxış edərək bildirib ki, nikah yaşından az olan yeniyetmələrin ailə qurmağa təhrik edilməsi qadın və uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Erkən nikah uşağın həyatına vaxtsız müdaxilədir. Bu, onun gələcək arzularını və imkanlarını məhdudlaşdırır. M.Bağırova əlavə edib ki, erkən nikahlar təkcə hüquqi deyil, həm də psixoloji və sosial baxımdan mənfi nəticələr doğurur. O, cəmiyyətin bütün təbəqələrinin bu məsələ ilə bağlı daha məsuliyyətli yanaşmasının vacibliyini vurğulayıb.
Daha sonra təlim diskussiya şəklində davam edib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Təlimdə müvafiq mövzuda maarifləndirici broşürlər paylanılıb, posterlər məktəbin və kənd mərkəzinin elan lövhələrinə yerləşdirilib.
jpg
jpg