Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı.

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.”- Prezident İlham Əliyev
2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciəti: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.
Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır.
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Prezident İlham Əliyev Partiyanın yeni sədri seçilmişdir. Prezident İlham Əliyev öz islahatçı kursuna sadiq qalaraq 2021-ci ildə YAP-da mahiyyət etibarı ilə dəyişikliklərə səbəb olmuş islahatlar təşəbbüsü ilə çıxış etmişdir. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradılmışdır. Partiyanın yeni Proqramı qəbul edilmiş, həmçinin kadr islahatlarına başlanılmışdır.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Dünya iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.
Prezident İlham Əliyev 2020-ci ilin əvvəlində ölkədə yeni siyasi konfiqurasiyanın qurulması, siyasi dialoq mühitinin formalaşdırılması məsələsini ictimai çıxışlarında diqqətə çatdırmış, bu barədə müvafiq tapşırıqlarını vermişdir. VI çağırış Milli Məclisin ilk iclasında da cənab Prezident bu prosesin təfərrüatlarına toxunaraq demişdir: “... indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz.”; “Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.”
Siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.
Siyasi partiyaların fəaliyyəti ölkənin 160-a yaxın mərkəzi və yerli icra hakimiyyəti orqanı və digər dövlət qurumları ilə əlaqələndirilmişdir; ümumilikdə 89 qurultayın keçirilməsi üçün lazımi şərait yaradılmışdır ki, bunların 30-nun keçirilməsi nəticəsində müvafiq partiyaların legitim fəaliyyəti təmin edilmişdir; uzun fasilədən sonra 12 yeni siyasi partiyanın dövlət qeydiyyatından keçməsi təmin olunmuşdur; “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edilmişdir; siyasi partiyalara dövlət maliyyə yardımının həcmi 2022-ci ildən başlayaraq 4 milyondan 5 milyona manata, 2025-ci ildən isə 6 milyon manata çatdırılmış, parlament seçkilərində etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar da 2024-cü ilin IV rübündən etibarən dövlətdən maliyyə yardımı almağa başlamışlar; siyasi partiyaların işğaldan azad edilən rayonlara birgə 8 səfəri həyata keçirilmişdir; siyasi partiyaların (AXCP istisna olmaqla) iştirakı ilə 1 seminar-müşavirə, Milli Məclisdə 3 dəyirmi masa, həmçinin 6 video-konfrans və çoxsaylı fərdi görüşlər keçirilmişdir; partiyaların mütləq əksəriyyəti dövlətçilik məsələləri ilə bağlı Vətən müharibəsi zamanı və digər dövrlərdə siyasi və milli birlik nümayiş etdirərək ümumilikdə 14 birgə bəyanat və müraciətə imza atmışdır; bütün siyasi partiyalar dövrü olaraq MSK-ya maliyyə hesabatlarını təqdim etməyə başlamışdır; qərargahı olmayan siyasi partiyalar üçün 29 təmirli ofis ayrılmış və istifadəyə verilmişdir; siyasi partiya liderlərinin müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında davamlı çıxışları təmin olunmuşdur; Anım günlərində, ümumxalq hüzn günündə müvafiq məkanların siyasi partiya nümayəndələrinin birgə ziyarət etməsi təşkil olunmaqdadır; 2020-ci ildən etibarən əlamətdar günlərdə Prezident İlham Əliyevlə siyasi partiyaların mütləq əksəriyyətinin rəhbərləri arasında qarşılıqlı bayramlaşma təcrübəsi yaranmışdır.
10 siyasi partiyanın VI çağırış, 11 siyasi partiyanın isə VII çağırış Milli Məclisdə təmsil olunması bilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürüdür. Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə 7 müxalifət partiyasının nümayəndələri qanunvericilik orqanının rəhbərliyində (Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri vəzifəsinə müxalif siyasi partiyaların nümayəndələri seçilmişlər) təmsil olunublar. Milli Məclisə 2024-cü il sentyabrın 1-də keçirilmiş seçkilərdə 26 siyasi partiyadan 25-i iştirak etmişdir (2020-ci ildə 62 siyasi partiyadan cəmi 20-si iştirak etmişdir). Son parlament seçkilərində qeydiyyata alınmış 991 namizəddən 305 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülmüş və onlar bütün namizədlərin 30,7%-ni təşkil etmişdir (2020-ci il parlament seçkilərində isə 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülmüş və onlar bütün namizədlərin 18,7%-ni təşkil etmişdir). 25 siyasi partiya 71.048 nəfər müşahidəçi və məşvərətçi ilə son seçkilərdə iştirak etmişdir (2020-ci ilin seçkilərində isə 24 siyasi partiya təxminən 2 dəfə az - 35.476 müşahidəçi və məşvərətçi ilə seçkilərdə iştirak etmişdir). VII çağırış Milli Məclisə seçilən deputatlardan 68-i Yeni Azərbaycan Partiyasını, 13-ü müxalifət partiyalarını təmsil etmiş, 44-ü bitərəf olmuş, həmçinin Milli Məclis sədrinin 1 müavini, 1 komitə sədri, 5 komitə sədrinin müavini, 1 komissiya sədrinin müavini müxalifət partiyasının nümayəndəsi seçilmişdir.
2024-cü il 7 fevral tarixində keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 7 namizəddən 5-i məhz siyasi partiyalar tərəfindən irəli sürülmüşdür. Həmçinin seçkilərdə siyasi partiyaların irəli sürdüyü müşahidəçi və məşvərətçilərin sayında əhəmiyyətli artım olmuş, 2018-ci il prezident seçkilərində 62 siyasi partiyadan 14 siyasi partiya 36.315 müşahidəçi və məşvərətçi ilə iştirak etdiyi halda, son seçkilərdə dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 19-u seçkilərdə 51.756 müşahidəçi və məşvərətçi ilə iştirak etmişdir. Ölkədə formalaşmış yeni siyasi mədəniyyətin bariz nümunəsi olaraq prezident seçkilərindən sonra ilk dəfə 18 siyasi partiya rəhbəri seçkilərin demokratik və şəffaf keçirilməsi haqqında bəyanat verərək Prezident İlham Əliyevi qələbə münasibəti ilə təbrik etmişlər.
2025-ci ilin 29 yanvar tarixində keçirilən bələdiyyə seçkilərində ölkədə mövcud olan 26 siyasi partiyadan 23-ü həm namizəd, həm də müşahidəçi irəli sürməklə seçki prosesinə qatılmışdır (2019-cu il seçkilərində 55 siyasi partiyadan yalnız 13-ü iştirak etmişdir). Müxalif siyasi partiyalar tərəfindən ümumilikdə 408 namizəd irəli sürülmüş, qeydiyyatda qalan namizədlərin sayı 356 nəfər olmuşdur. 24 siyasi partiya tərəfindən irəli sürülən müşahidəçilərin ümumi sayı 26.260-a çatmışdır (2019-cu il bələdiyyə seçkilərində 31 siyasi partiya tərəfindən ümumilikdə 20.486 müşahidəçi qeydə alınmışdı). 2025-ci il seçkilərinin nəticəsində 22 müxalif siyasi partiyadan 170 nəfər bələdiyyə üzvü seçilmişdir ki, onlardan da 4-ü hazırda bələdiyyə sədrinin müavini vəzifəsini tutur. Sözügedən seçkilərdə iştirak etmiş 20 müxalif siyasi partiya ümumi seçki marafonu, təbliğat-təşviqat işləri və səsvermənin nəticələrinə dair müsbət məzmunlu bəyanatlar və açıqlamalar vermişlər.
Prezident İlham Əliyev tərəfindən 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb və onlar 7060 nəfərə şamil olunub. Həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib.
Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Prezident İlham Əliyev sevincli günləri xalqı ilə bölüşür. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib. 2022-ci il 24 dekabr tarixində cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Prezident İlham Əliyev 2023-cü ildə ad günündə Ağdama səfər edərək, bir sıra infrastruktur obyektlərinin açılışında iştirak etmiş və təməlini qoymuşdur.