20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə əlaqədar Kəngərli Rayon Şahmat məktəbində tədbir keçirilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Rəşad Həsənzadə çıxış edərək 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycan dövlətçiliyi tarixində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının bütün ərazisi üzərində dövlət suverenliyi tam bərpa olunub.
Çıxışda ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin, ordu quruculuğunun və milli həmrəyliyin nəticəsi olduğu qeyd edilib. Həmçinin 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsinin bu tarixi hadisənin dövlətçilik baxımından əhəmiyyətini əks etdirdiyi bildirilib.
Daha sonra Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Rəksanə İmanova çıxışı zamanı dövlət suverenliyinin bərpasının tarixi nailiyyət olduğunu vurğulayaraq, gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini bildirib.
Tədbirin sonunda “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.