Azərbaycan və Özbəkistan arasında münasibətlər əsrlər boyu formalaşmış qardaşlıq, ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər üzərində qurulub. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı keçirilən təltifolunma mərasimi də iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsini və qarşılıqlı etimadı bir daha nümayiş etdirib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentini ölkələr arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə verdiyi böyük töhfələrə görə ali dərəcəli “Dostluq” ordeni ilə təltif edib. Prezident İlham Əliyev isə öz növbəsində Şavkat Mirziyoyevi Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif edib. Bu qarşılıqlı təltiflər iki lider arasında şəxsi dostluğun və dövlətlərarası münasibətlərdə yüksək etimadın rəmzi olmaqla yanaşı, Azərbaycan–Özbəkistan əlaqələrinin strateji əhəmiyyətini də göstərir.
Son illərdə ikitərəfli münasibətlər sürətlə inkişaf edib və strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Ticarət, kənd təsərrüfatı, sənaye, energetika, nəqliyyat və investisiya sahələrində həyata keçirilən birgə layihələr əməkdaşlığın praktiki nəticələrini ortaya qoyur. Yeni Yol Xəritəsinin qəbul edilməsi və ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması ilə bağlı razılaşma əlaqələrin gələcək inkişafı üçün mühüm perspektivlər yaradır.
Azərbaycan və Özbəkistanın bir-birinə göstərdiyi qarşılıqlı dəstək, xüsusilə Qarabağın bərpası istiqamətində Özbəkistanın verdiyi töhfələr, qardaşlıq münasibətlərinin real nümunəsidir. Ümumilikdə, iki ölkənin liderlərinin siyasi iradəsi və xalqlar arasında mövcud olan möhkəm mənəvi bağlar Azərbaycan–Özbəkistan münasibətlərinin gələcəkdə daha da dərinləşəcəyinə möhkəm zəmin yaradır.