Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkədə yeni sənaye istiqamətinin formalaşmasına imkan verəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxış edib.
Dövlət başçısı çıxışında dağ-mədən və metallurgiya sənayesinin ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından mühüm və perspektivli sahələrdən biri olduğunu bildirib. Qeyd olunub ki, yeni Dövlət Proqramının həyata keçirilməsi nəticəsində müasir sənaye istiqamətinin formalaşdırılması, təbii resurslardan səmərəli istifadə edilməsi, istehsal zəncirinin yaradılması və beş mindən çox yeni daimi iş yerinin açılması nəzərdə tutulur.
Prezident İlham Əliyev son dövrdə müxtəlif sahələr üzrə qəbul edilmiş dövlət proqramlarının ölkənin iqtisadi və sosial inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Kənd təsərrüfatı, nəqliyyat, su təsərrüfatı və digər istiqamətlər üzrə həyata keçirilən layihələrin həm iqtisadi inkişafın sürətləndirilməsinə, həm də əhalinin sosial rifahının və müasir infrastrukturla təminatının yaxşılaşdırılmasına xidmət etdiyi vurğulanıb.
Çıxışda son 20 il ərzində ölkədə əsas infrastruktur layihələrinin uğurla icra edildiyi, qazlaşma səviyyəsinin 96 faizə çatdırıldığı və Azərbaycanın 25 milyard kubmetrdən çox təbii qaz ixrac etdiyi qeyd olunub. Eyni zamanda, ölkədə elektrik enerjisi sahəsində güclü potensialın yaradıldığı, gələcəkdə enerji ixracının genişləndirilməsi üçün imkanların mövcud olduğu bildirilib. Azərbaycanın enerji sahəsində bir sıra ölkələr üçün etibarlı tərəfdaşa çevrildiyi diqqətə çatdırılıb.
Qeyri-neft sektorunun inkişafının xüsusi əhəmiyyət daşıdığı vurğulanaraq, cari ilin ilk 8 ayında qeyri-neft sektorunda 5,4 faizlik artımın qeydə alındığı bildirilib. Dövlət proqramlarının həyata keçirilməsinin bu artımın davamlı və uzunmüddətli xarakter almasına şərait yaradacağı qeyd edilib.
Dövlət başçısı Azərbaycanın təbii sərvətlərinin, o cümlədən qızıl, mis və molibden yataqlarının geniş şəkildə öyrənilməsi və istismarının qarşıdakı dövrdə əsas prioritetlərdən biri olduğunu bildirib. İşğaldan azad edilmiş ərazilərdə yerləşən Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarındakı yataqların istismara hazırlanması, mövcud ehtiyatların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi və yeni yataqların müəyyənləşdirilməsi istiqamətində işlərin aparılmasının vacibliyi vurğulanıb.
Həmçinin Naxçıvan Muxtar Respublikasının da dağ-mədən sənayesi baxımından perspektivli bölgələrdən biri olduğu qeyd olunub. Muxtar respublikada geoloji kəşfiyyat işlərinin aparılmasının nəzərdə tutulduğu və bu istiqamətdə fəaliyyətin növbəti ildən başlanmasının planlaşdırıldığı bildirilib.
Çıxışda dağ-mədən sənayesinin inkişafında dövlət və özəl sektorun birgə fəaliyyətinin əhəmiyyəti qeyd edilib. Bu sahənin yerli və xarici investorlar üçün açıq olduğu, yeni yataqların aşkar edilməsi və istismarı zamanı hasilatdan zənginləşdirmə və emala qədər bütün istehsal zəncirinin ölkə daxilində yaradılmasının əsas məqsədlərdən biri olduğu diqqətə çatdırılıb.
Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının perspektivləri də xüsusi qeyd olunub. Yatağın istismara hazırlanması ilə bağlı işlərin davam etdirildiyi, texniki-iqtisadi əsaslandırmanın hazırlanmasından sonra investisiya qərarının qəbul ediləcəyi bildirilib.
Dövlət başçısı sənaye parklarının ölkənin müxtəlif bölgələrinin iqtisadi inkişafında mühüm rol oynadığını qeyd edib. Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədlərindən birinin dağ-mədən sənayesinin inkişaf etdirilməsi olduğu bildirilib. “Daşkəsən” filiz yatağının istismarı və ətraf ərazilərdə yeni layihələrin həyata keçirilməsi çərçivəsində burada müasir infrastrukturun yaradılması, filiz hasilatından son məhsula qədər tam istehsal zəncirinin formalaşdırılması nəzərdə tutulur.
Eyni zamanda, ətraf mühitin qorunmasının əsas prioritetlərdən biri olduğu vurğulanıb. Dağ-mədən və metallurgiya layihələrinin icrası zamanı ekoloji ekspertizanın yüksək səviyyədə aparılması, mövcud ekoloji normalara və standartlara ciddi əməl olunmasının təmin edilməsi tapşırılıb. Dövlət başçısı Azərbaycanın əsas sərvətlərindən birinin təbiət olduğunu qeyd edərək, iqtisadi inkişafla yanaşı, ətraf mühitin mühafizəsinin də diqqətdə saxlanılmasının vacibliyini bildirib.
Metallurgiya sənayesinin inkişafı istiqamətində də mühüm layihələrin nəzərdə tutulduğu qeyd olunub. Xüsusilə alüminium istehsalının artırılması, yeni zavodların yaradılması və 2030-cu ilin sonunadək istehsalın 100 min tona çatdırılması qarşıya məqsəd qoyulub.
Dövlət Proqramının maliyyə təminatının müəyyənləşdirildiyi və proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin icrasının təmin ediləcəyi bildirilib. Bununla yanaşı, yerli və xarici investorların da layihələrdə iştirakı üçün imkanların yaradılacağı qeyd olunub.
Sonda vurğulanıb ki, Dövlət Proqramının həyata keçirilməsi nəticəsində Azərbaycanda yeni və güclü sənaye istiqamətinin formalaşması, minlərlə yeni iş yerinin yaradılması, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəallığın və məşğulluğun artırılması, dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması və ölkənin ixrac potensialının genişləndirilməsi gözlənilir. Proqram çərçivəsində həyata keçiriləcək layihələrin ölkə iqtisadiyyatına milyardlarla manat həcmində müsbət maliyyə təsiri göstərəcəyi qeyd olunub.