Bu gün Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış baş leytenant Əsgərli Tural Ələmdar oğlunun anım günüdür.

Əsgərli Tural Ələmdar oğlu 20 aprel 1993-cü ildə Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdur. 1999–2007-ci illərdə Qıvraq qəsəbə tam orta məktəbində, 2007–2010-cu illərdə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində təhsil almışdır. 2010–2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almış, daha sonra zabit kursunu uğurla başa vurmuşdur.
Tural Əsgərli 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət etmişdir. İlk xidmət yerində taqım komandiri vəzifəsində fəaliyyət göstərmiş, 2016-cı ilin Aprel döyüşlərində iştirak edərək göstərdiyi igidlik və peşəkarlıqla seçilmişdir. O, 2018-ci ildən Daşkəsən rayonunda yerləşən hərbi hissələrdən birində bölük komandiri kimi ön cəbhədə xidmət etmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı baş leytenant Tural Əsgərli Murovdağ və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Müharibənin ilk günlərində tabeliyində olan hərbçilərlə birlikdə düşmənin iki postunun ələ keçirilməsində mühüm rol oynamışdır. 1 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş, oktyabrın 3-də Bakıda II Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə baş leytenant Tural Əsgərli ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Tural Əsgərlinin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Onun keçdiyi şərəfli döyüş yolu Azərbaycan gəncləri üçün əsl vətənpərvərlik nümunəsidir.
Allah rəhmət eləsin!
Ruhu şad olsun!