Bu gün Vətən müharibəsi şəhidi, baş leytenant Məmmədli Sübhan Səbuhi oğlunun Anım Günüdür.

Sübhan Məmmədli 1994-cü il avqustun 12-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xıncab kəndində anadan olub. Xıncab kənd tam orta məktəbində təhsil aldıqdan sonra Heydər Əliyev adına Hərbi Liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. 2016-cı ildə leytenant rütbəsi ilə Azərbaycan Ordusunda xidmətə başlayıb. Müxtəlif hərbi hissələrdə xidmət edən Sübhan Məmmədli 2019-cu ildə baş leytenant rütbəsinə yüksəlib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ön xəttə yollanaraq Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı düşmənin keçilməz hesab edilən bir neçə mövqeyinin keçilməsində igidlik göstərib. 2020-ci il oktyabrın 7-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Vəzifə borcunu və hərbi tapşırıqları şərəflə yerinə yetirdiyinə, döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətə görə Sübhan Məmmədli ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid baş leytenant Sübhan Məmmədlinin əziz xatirəsini dərin ehtiramla yad edir, ailəsinə və yaxınlarına səbir diləyirik. Onun Vətənə sədaqəti və qəhrəmanlığı daim qəlbimizdə yaşayacaq.