28 sentyabr 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Böyükdüz kəndində fermerlər üçün maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vəli Səfərov giriş sözü ilə çıxış edərək aqrar sahədə müasir yanaşmaların tətbiqinin, fermerlərin maarifləndirilməsinin və aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsin Aqrar təlim şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Səkinə Əhmədova, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Bəhruz Qasımov və “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsin Baytarlıq şöbəsinin məsləhətçisi Rəsul Ağayev çıxış edərək aqrar sahədə həyata keçirilən tədbirlər, fermerlərlə iş, müasir əkinçilik texnologiyaları, payızlıq taxıl əkinlərinin optimal müddətdə aparılması, səpinqabağı aqrotexniki tədbirlər, növbəli əkin və torpaq analizinin əhəmiyyəti, həmçinin heyvandarlıqda seleksiya və damazlıq işinin təşkili, heyvanların fenotipik qiymətləndirilməsi barədə ətraflı məlumat veriblər.
Tədbir zamanı fermerlərin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.