"Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə Qarabağlar Türbə Kompleksində tədbir təşkil olunub.

Tədbirdə tarixi abidələrin qorunması, təbliği və mədəni irsin gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm məqamlar səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Şərur Regional Mədəniyyət İdarəsinin Kəngərli Rayon Sektorunun müdiri Məhərrəm Əliyev Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün əhəmiyyətindən bəhs edib. O, tarixi-mədəni irsin qorunmasının prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, bu sahədə həyata keçirilən tədbirlərin vacibliyini diqqətə çatdırıb.
Daha sonra Qarabağlar Türbə Kompleksinin direktoru İlkin Hüseynov “Tarixi abidələrin mühafizəsi və təbliği sahəsində muzeylərin rolu” mövzusunda çıxış edərək, tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılmasında muzeylərin rolunu xüsusi vurğulayıb, milli-mədəni dəyərlərin təbliğinin əhəmiyyətini qeyd edib.
Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Basit Əliyev “Beynəlxalq Abidələr Günü: keçmişdən gələcəyə körpü” mövzusunda çıxışında tarixi abidələrin keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynadığını bildirib, bu günün beynəlxalq səviyyədə əhəmiyyətini və qorunma məsuliyyətini önə çəkib.
Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Aysel Şəfiyeva isə “Mədəni irs millətin kimliyidir” mövzusunda çıxış edərək, mədəni irsin milli kimliyin formalaşmasında əsas amillərdən biri olduğunu qeyd edib, tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb.
Sonda tədbir iştirakçıları kompleksin ekspozisiyası ilə tanış olublar.
1
1
1
1
1
1