Azərbaycan-Vyetnam əlaqələri - ənənəvi tərəfdaşlığın inkişafı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 7 may 2025-ci il tarixində ölkəmizə etdiyi səfər zamanı keçirilən mətbuat konfransında bildirib ki, bu səfərin nəticələrinin uğurlu olacağına və əldə olunmuş razılaşmaların konkret layihələrə çevriləcəyinə tam əmindir. Prezident qeyd edib ki, bu səfər Vyetnam-Azərbaycan münasibətlərinin inkişafında mühüm mərhələdir. Xüsusilə vurğulanıb ki, bu gün imzalanmış sənədlər arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat xüsusi önəm daşıyır. Bu sənəd iki ölkə arasında əlaqələri daha da yüksək səviyyəyə qaldırmaq baxımından strateji xarakter daşıyır və gələcək əməkdaşlıq üçün əsas platforma rolunu oynayacaq.
Prezident İlham Əliyev qeyd edib ki, imzalanmış sənədlər müxtəlif sahələri əhatə edir və bugünkü danışıqlar nəticəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlıq sahəsində əhəmiyyətli addımlar atılıb. Vyetnam Kommunist Partiyası Baş katibinin dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması onların strateji dəyərini daha da artırır.
Eyni zamanda, bərpaolunan enerji sahəsində fikir mübadiləsi aparıldığını bildirən Prezident İlham Əliyev Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu vurğulayıb. Bildirilib ki, son illərdə imzalanan müqavilələr nəticəsində növbəti beş il ərzində ölkə 6500 meqavatlıq təmiz enerji gücünə sahib olacaq. Azərbaycan tərəfi bu sahədə Vyetnam şirkətlərini investisiya yatırmağa dəvət edib və eyni zamanda Azərbaycanın Vyetnamda bərpaolunan enerji sahəsində sərmayə yatırmağa hazır olduğunu bəyan edib.
Dövlət başçısı əlavə edib ki, müdafiə sənayesi sahəsində də geniş əməkdaşlıq imkanları mövcuddur. Hər iki ölkədə bu sahə kifayət qədər inkişaf edib və bu istiqamətdə birgə müəssisələrin yaradılması və səylərin birləşdirilməsi hər iki tərəf üçün faydalı ola bilər.