Azərbaycan və Qırğızıstan prezidentləri ali dövlət mükafatları ilə təltif olunublar

Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafına verilən töhfələrin yüksək qiymətləndirilməsi məqsədilə dövlət başçılarına qarşılıqlı olaraq ali dövlət mükafatları təqdim edilib.
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi Qırğızıstanın ən ali dövlət təltifi – 1-ci dərəcəli “Manas” ordeni ilə təltif edib. Eyni zamanda, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın ən yüksək dövlət mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif olunub.
Qarşılıqlı ali dövlət təltiflərinin təqdim olunması Azərbaycan ilə Qırğızıstan arasında mövcud olan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin yüksək səviyyəsinin bariz ifadəsidir. Bu addım iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və humanitar əlaqələrin daha da möhkəmləndirilməsinə verilən önəmi əks etdirir.
Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq son illərdə bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Dövlət başçılarının qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətləri ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə, ortaq layihələrin həyata keçirilməsinə və türk dünyasında həmrəyliyin güclənməsinə mühüm töhfə verir.