
2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində keçirilən mətbuat konfransında Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər öz müttəfiqlik xarakteri ilə seçilir və bu günkü görüşlər bu əməkdaşlığın dərinləşdiyini bir daha nümayiş etdirdi. “Artıq iki ildir ki, rəsmi müttəfiqik və bu münasibətlər beynəlxalq platformalarda qarşılıqlı dəstək, eləcə də konkret layihələr üzərində birgə fəaliyyətlə öz təsdiqini tapır”, – deyə Azərbaycan Prezidenti bildirib.
Prezident İlham Əliyev çıxışında, həmçinin Özbəkistanda son illər ərzində aparılan genişmiqyaslı islahatları və ölkənin sürətli inkişafını da xüsusi qeyd edib.
“Biz Özbəkistanda həyata keçirilən iqtisadi və sosial islahatları diqqətlə izləyir və bu uğurlara qardaş sevincilə yanaşırıq. Ölkənin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi və iqtisadi gücünün artması Prezident Şavkat Mirziyoyevin uzaqgörən siyasətinin nəticəsidir. Bütün bu uğurlar konkret proqramlar şəklində gerçəkləşir və biz bunu yüksək qiymətləndiririk”, – deyə Prezident vurğulayıb.
Tərəflər arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə də toxunan dövlət başçısı bildirib ki, görüş zamanı əmtəə dövriyyəsinin və qarşılıqlı sərmayələrin artırılması yönündə qarşılıqlı iradə ifadə olunub.
“Son vaxtlar yaradılmış Azərbaycan–Özbəkistan Birgə İnvestisiya Fondu artıq real layihələrlə təmin olunub. Artıq 10-dan çox layihə üzrə investisiya qərarlarının qəbuluna hazırlıq gedir. Bu, yalnız başlanğıcdır, çünki Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dolları təşkil edir. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq.”, – deyə Prezident İlham Əliyev qeyd edib.