
Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin 2026-cı il mayın 4-də Azərbaycana səfəri zamanı bəyanatla çıxış edərək İtaliya ilə əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında 2014və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri münasibətlərin möhkəm əsasını təşkil edir və bu əməkdaşlıq bu gün real nəticələrdə özünü göstərir. Meloninin Ermənistan səfərindən sonra Azərbaycana gəlməsi bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.
Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Prezident, iqtisadi münasibətlərin də uğurla inkişaf etdiyini vurğulayıb. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və iki ölkə arasında ticarət dövriyyəsi ötən il təxminən 12 milyard dollar olub. Energetika sahəsində əməkdaşlıq isə əsas istiqamətlərdən biri olaraq qalır – Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında önəmli mövqeyə malikdir.
İtaliya bazarının Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, ötən il ixrac edilən 25 milyard kubmetr qazın 9,5 milyard kubmetri məhz İtaliyaya göndərilib. Bu həcmin artırılması üçün Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP layihəsinin genişləndirilməsi istiqamətində müzakirələr aparılır.
Eyni zamanda, yeni istiqamət kimi hərbi-texniki əməkdaşlıq da diqqət mərkəzindədir. Birgə istehsal və layihələrin həyata keçirilməsi, İtaliya texnologiyası ilə Azərbaycanın maliyyə imkanlarının birləşdirilməsi üzrə konkret planların olduğu bildirilib. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına son illərdə təxminən 3 milyard dollar sərmayə yatırdığı və bu investisiyaların genişləndirilməsi məsələlərinin də müzakirə edildiyi qeyd olunub.
İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti də yüksək qiymətləndirilib. Hazırda 130-a yaxın İtaliya şirkəti ölkədə fəaliyyət göstərir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən 23 layihədə onların fəal iştirakı vurğulanıb və bu əməkdaşlığın daha da genişlənməsi arzulandığı bildirilib.
Prezident çıxışında təhsil sahəsinə də xüsusi diqqət yetirib. Keçən il Bakıda açılan İtaliya-Azərbaycan Universitetinin artıq 500-dən çox tələbəyə ev sahibliyi etdiyi və bu gənclərin gələcəkdə iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək “təbii elçilər” olacağı qeyd olunub.
Sonda vurğulanıb ki, Azərbaycan və İtaliya arasında dostluq və tərəfdaşlıq münasibətləri gələcəkdə də uğurla davam edəcək.


