Azərbaycan və Ermənistan arasında saziş imzalananda əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq.

Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı deyib: "Bəli, hesab edirəm ki, nail olunması mümkün olan orta perspektivli hədəflər haqqında da danışa bilərik. Əfsuslar olsun ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. Hamımızın buna imkanı var idi. Lakin Azərbaycan xalqına qarşı təcavüz və onun iztirabı bunun reallaşmasına imkan vermədi. Beləliklə, Cənubi Qafqaz inteqrasiya olunmamışdı. Buna baxmayaraq, iqtisadi və nəqliyyat marşrutları və əlbəttə ki, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bu, baş verə bilərdi.
Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə baxsaq, indicə qeyd etdiyim enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar, iqtisadi üstünlüklər kimi bütün bu seqmentləri görə bilərik. Beləliklə, Ermənistan, əslində, özünü bütün bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində özünü tranzit ölkəsi, Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi. Neft, qaz və ya yük daşımaları olmasından asılı olmayaraq, Azərbaycandan gələn bütün tranzit Gürcüstandan keçir. Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, “böyük Ermənistan” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir.
Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Hesab edirəm ki, vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq."