Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib.
Dövlət başçısı çıxışında Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulmasını mühüm tarixi hadisə kimi qiymətləndirib. Bu qərarın bütün iştirakçı dövlətlər tərəfindən yekdilliklə dəstəkləndiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qəbul olunması təşəbbüsünü irəli sürən Türkmənistan və Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu xüsusi vurğulayıb.
Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişaf etdiyini bildirən dövlət başçısı ötən ildən etibarən ən yüksək səviyyədə artıq beş qarşılıqlı səfərin həyata keçirilməsini siyasi dialoqun intensivliyinin və ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə olan qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşa edilməsini də xüsusi qeyd edib və bu addımı Türkmənistanın Azərbaycan xalqına dostluq və mənəvi yaxınlığın ifadəsi olan mühüm hədiyyəsi kimi qiymətləndirib.
Çıxışda Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına göstərdiyi qardaş dəstəyə də diqqət yetirilib. Bildirilib ki, Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan isə Ağdamda Manas adına məktəb inşa edib. Bu dəstəyin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini diqqətə çatdırıb. Siyasi münasibətlərin yüksək səviyyədə olduğu, qarşılıqlı yüksək səviyyəli səfərlərin müntəzəm xarakter aldığı qeyd edilib. Eyni zamanda, iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi, qarşılıqlı investisiyaların artdığı və birgə layihələrin həyata keçirildiyi bildirilib. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artdığı, hazırda ölkədə Mərkəzi Asiya dövlətlərinin kapitalı hesabına 400-dən çox şirkətin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Dövlət başçısı Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratdığını da qeyd edib. Hər bir fondun kapitalının yüz milyonlarla dollar təşkil etdiyi bildirilib. Bu fondların imkanlarından birgə layihələrin reallaşdırılması, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi məqsədilə daha fəal istifadə edilməsinin vacibliyi vurğulanıb. Qarşılıqlı ticarətin artırılması ilə yanaşı, birgə investisiyaların yatırılması, istehsalın həyata keçirilməsi və xarici bazarlara çıxışın təmin edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Çıxış zamanı əməkdaşlığın əsas istiqamətlərindən biri kimi nəqliyyat sahəsi də xüsusi qeyd olunub. Xəzər dənizinin ölkələr arasında nəqliyyat əlaqələrinin inkişafında getdikcə daha mühüm rol oynadığı bildirilib. Xəzərin hər iki sahilində yaradılan nəqliyyat infrastrukturunun Mərkəzi Asiyanın Azərbaycan və daha sonra beynəlxalq bazarlarla əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Azərbaycanın son illərdə nəqliyyat infrastrukturunun inkişafına, o cümlədən dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının genişləndirilməsinə böyük sərmayələr yatırdığı qeyd edilib. Xəzər dənizi vasitəsilə daşımaların həcminin əhəmiyyətli dərəcədə artdığı və əsas məqsədin bu marşrutların daha səmərəli və rəqabətədavamlı hala gətirilməsi olduğu bildirilib. Bununla yanaşı, “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirildiyi, Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində işlərin aparıldığı qeyd olunub. Orta Dəhlizin əhəmiyyətinin getdikcə artdığı, ötən il bu marşrut üzrə tranzit yükdaşımaların 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artdığı diqqətə çatdırılıb.
Energetika sahəsinin də Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıqda mühüm yer tutduğu vurğulanıb. Azərbaycanın Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit rolunu oynadığı bildirilib. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəql edildiyi və bu daşımaların həcminin artdığı qeyd olunub. Bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirildiyi, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində birgə işlərin aparıldığı diqqətə çatdırılıb.
Prezident İlham Əliyev çıxışının sonunda Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın geosiyasi əhəmiyyətinin yalnız energetika və nəqliyyat layihələri ilə məhdudlaşmadığını bildirib. Ölkələrdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitliyin əldə olunan bütün nailiyyətlərin əsasını təşkil etdiyi, bunun Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin gələcək inkişafı və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm şərt olduğu vurğulanıb.