1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində Azərbaycanlılara qarşı soyqırımı törədən Ermənistan hərbi birləşmələri 106 qadın, 63 uşaq və 70 ahıl insan olmaqla 613 nəfəri qətlə yetirdilər.
İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev vurğuladığı kimi, “Biz Xocalısız ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər dərin yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”.
Xocalı azad olunduqdan sonra qısa müddət ərzində burada bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Əzəli yurdlarına qayıdan keçmiş köçkün ailələri artıq müasir tipli evlərlə təmin olunublar.Bir vaxtlar torpağı qanla yoğrulan bu doğma yurd yeri indi dövlətin dəstəyi ilə addım-addım, qarış-qarış yenidən dirçəldilir.