Azərbaycan–Serbiya ikitərəfli münasibətlərinin inkişafı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində mətbuata bəyanatla çıxış etmişdir. Dövlət başçısı Azərbaycan ilə Serbiya arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin uzun illərə söykəndiyini, qarşılıqlı etimada və səmimi dialoqa əsaslandığını vurğulamışdır. Prezident qeyd etmişdir ki, ölkə rəhbərləri arasında formalaşmış şəxsi münasibətlər və qarşılıqlı anlaşma ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır.
Bəyanatda Serbiya xalqının dövlət suverenliyinin qorunması istiqamətində göstərdiyi səylər yüksək qiymətləndirilmiş, Serbiyanın Prezidenti Aleksandar Vuçiçin dövlət maraqlarını daim ön planda tutduğu xüsusi qeyd olunmuşdur. Bildirilmişdir ki, məhz bu siyasətin nəticəsində Serbiya beynəlxalq müstəvidə nüfuzunu möhkəmləndirmiş, iqtisadi və sosial sahələrdə ciddi nailiyyətlər əldə etmişdir.
Dövlət başçısı Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclasının əhəmiyyətini vurğulayaraq, gələcək əməkdaşlıq üçün konkret və aydın planların müəyyən olunduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, tərəflər siyasi, iqtisadi və energetika sahələrində əlaqələrin daha da genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı dəstəyin davam etdirilməsi, habelə birgə sərmayə layihələrinin həyata keçirilməsi barədə razılığa gəlmişlər.
Energetika və nəqliyyat sahələrində mövcud imkanlardan səmərəli istifadə edilməsinin iki ölkə arasında güclü sinergiya yaradacağı bildirilmişdir.
Prezident İlham Əliyev Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə yatırmağa hazır olduğunu bəyan etmiş, birgə elektrik stansiyasının tikintisi layihəsinin strateji əhəmiyyət daşıdığını vurğulamışdır. Elektrik stansiyalarının inşası və mövcud enerji infrastrukturunun yenilənməsinin hər bir ölkənin uzunmüddətli inkişafı və enerji təhlükəsizliyi üçün mühüm amil olduğu qeyd edilmişdir.
Bununla yanaşı, Azərbaycanın Serbiyaya təbii qaz ixracına başladığı və ixrac həcmlərinin artırılması barədə razılıq əldə olunduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Serbiya idxal edilən qazı elektrik enerjisinə çevirərək həm daxili tələbatın ödənilməsi, həm də ixrac imkanlarının genişləndirilməsi istiqamətində əlavə üstünlüklər qazanacaqdır. Azərbaycanın hazırda 2 giqavatlıq ixrac potensialına malik olduğu, 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünün yaradılmasının planlaşdırıldığı və bunun böyük hissəsinin ixraca yönəldiləcəyi vurğulanmışdır. Bu məqsədlə yeni və daha genişhəcmli transmissiya imkanlarının formalaşdırılmasının zəruriliyi qeyd edilmişdir.
Prezident İlham Əliyev səfərin nəticələrinin yaxın zamanda real layihələr və konkret addımlarla öz təsdiqini tapacağına əminliyini ifadə etmiş, Serbiya Prezidentini Azərbaycana dəvət etdiyini bildirmişdir. Qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların davam etdiriləcəyi vurğulanaraq, Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə inam ifadə olunmuşdur.
Cənab Prezidentin çıxışını “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya–Azərbaycan dostluğu!” sözləri ilə yekunlaşdırması isə münasibətlərin yalnız praqmatik deyil, eyni zamanda səmimi və dostluq ruhuna əsaslandığını göstərir.
jpg
jpg