Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib

 

Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir.  Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.

 

Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi.

 

Bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir.

 

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq.

Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır. Çünki birinci növbədə yeni bir presedent yaranmışdır və biz bu qələbələri böyük güclərin müqaviməti fonunda əldə etmişik. Sirr deyil ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun əsas məqsədi münaqişəni dondurmaq idi, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək göstərmək yox. İkinci Qarabağ müharibəsi başlanan gündən 44 gün ərzində bizə qarşı böyük təzyiqlər göstərilmiş, hədə-qorxular səsləndirilmişdir - həm açıq müstəvidə, eyni zamanda, bağlı qapılar arxasında. Ancaq heç kim bizi yolumuzdan döndərə bilmədi.

 

Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi. Azərbaycan ciddi bir geosiyasi dəyişikliklərə yol açdı. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər. Bunu məcburən deyirlər. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, sadəcə olaraq, xoş niyyətin təzahürü deyil və belə sayıla bilməz. Bütün günahları Ermənistanın əvvəlki rəhbərliyinin üzərinə yıxmaq da olmaz. Halbuki Ermənistanın əvvəlki rəhbərləri - onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər. Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi, Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu. Yəni bütün bunları biz heç vaxt unutmamalıyıq. Bu gün bəzi xarici dairələr Ermənistanın indiki rəhbərliyindən sülh göyərçini düzəltmək istəyəndə biz hər dəfə bax, bu tarixi onlara xatırladırıq. 2018–2020-ci illərin tarixini xatırladırıq ki, tarix təhrif edilməsin və yalan tezislər real tarixi pozmasın.

 

Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi. Biz bir gün belə ara vermədik, bu şərəfli missiyamızın həyata keçirilməsində biz bir gün də istirahət etmədik. Nəticə etibarilə İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində biz bir neçə cəbhədə fəaliyyət göstərmişik. Həm siyasi müstəvidə ki, bizə qarşı olan ermənipərəst ölkələr öz çirkin əməllərinə nail olmasınlar, beynəlxalq təşkilatlarda çox ciddi beynəlxalq maarifləndirmə kampaniyası aparmışdıq və torpaqda. Həm Qarabağ bölgəsində öz strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırdıq və bir neçə uğurlu hərbi əməliyyat keçirilmişdir. Bu əməliyyatlar çox qısamüddətli idi, belə də olmalı idi, sadəcə olaraq, 20 Sentyabrı şərtləndirmək və az itkilərlə istədiyimizə nail olmaq üçün lazımi addımlar atılmışdır. O cümlədən Azərbaycan–Ermənistan şərti sərhədində gedən proseslər də faktiki olaraq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam tanıması üçün əsas zəmin yaratdı. Bunun nəticəsində 2022-ci ilin oktyabrında Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıdı və beləliklə, özü bəlkə də bilməyərək etiraf etdi ki, o vaxt Qarabağda yerləşən erməni silahlı birləşmələri işğalçı qüvvələrdir. Ondan sonra o bölgəni tam nəzarətə götürmək, qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək və tərk-silah etmək üçün artıq hüquqi zəmin daha da möhkəmləndi. Halbuki bu, həmişə var idi. Bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı. Ancaq biz hamımız onu da bilirik ki, sözdə bir şey deyilir, amma arxa qapılar arasında başqa şeylər edilir. Ona görə biz bu riyakarlıqla 30 il üz-üzə qalmışdıq, amma bu riyakarlığa Azərbaycan əsgərinin yumruğu son qoymuşdur.

 

Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi. Çünki o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər biz böyük itkilərlə üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi. Bir-birini əvəzləyən dırnaqarası liderlər faktiki olaraq iflic vəziyyətdə idi, öz vəzifə borclarını yerinə yetirə bilmirdilər və beləliklə, torpaqlarımız hissə-hissə işğal edilməyə başlamışdır. İlk növbədə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın nəzarəti tam itirilmişdir. Ondan sonra Şuşa və Laçın rayonları 1992-ci ilin may ayında işğal altına düşmüşdür və ondan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmişdi. Yəni birbaşa onların cinayətidir. Hakimiyyətə gəlmək üçün, ovaxtkı hakimiyyəti devirmək üçün məhz bu təxribata əl atdılar, faktiki olaraq torpağı Ermənistana təhvil verdilər və ondan sonra bizim itkilərimiz daha da böyüdü.

 

1993-cü ilin aprelində Kəlbəcərin işğalı faktiki olaraq Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında böyük bir coğrafi əlaqə yaratmışdı. Beləliklə, Ermənistandan daha böyük həcmdə həm canlı qüvvə, həm silah-sursat, texnika gətirilirdi. Faktiki olaraq ölkəmizin Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti məhz o vaxt baş vermişdir.

 

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın. Əslində, Heydər Əliyevdən sonrakı dövrə nəzər saldıqda, - mən 1980-ci illəri nəzərdə tuturam, - hər kəs açıq-aydın görür ki, ondan sonrakı Azərbaycan rəhbərləri öz vəzifə borclarını dərk edə bilməmişdilər, zəiflik, qorxaqlıq, fərarilik göstərmişdilər. Təkcə onu demək kifayətdir ki, Heydər Əliyevdən sonra həm sovet dövründə, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etmiş 4 rəhbərdən 3-ü Bakıdan qaçmışdır. Faktiki olaraq müharibə şəraitində olan, yaxud da ki, artıq erməni aqressiyasına düçar olan ölkəni, xalqı başlı-başına buraxıb Bakıdan qaçmışdılar - ikisi Moskvaya, biri Kələkiyə. Dördüncüsü isə, sadəcə olaraq, hələ Ermənistan–Azərbaycan münaqişəsi başlamadan sovet rəhbərliyi tərəfindən vəzifəsindən azad edilmişdir, yəqin ki, buna görə Bakıda qalmışdır. Bax bu, utancverici tarixdir. Məncə, biz bu tarixi heç vaxt silə bilmərik, bunu biz bilirik, gənc nəsil də bilməlidir. Kimlər Azərbaycanı idarə edib və xalqımız hansı fəlakətlərlə üzləşmişdi. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi.

 

Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi. Çünki xalq çox yaxşı bilirdi ki, məhz Heydər Əliyev Politbürodan, sovet hakimiyyətindən uzaqlaşdırılandan sonra iki həftə keçməmiş - 1987-ci ilin noyabrında erməni millətçilər Qarabağı Ermənistana birləşdirmək üçün məsələ qaldırmışdılar. Bu təklif sovet rəhbərliyi və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdir. Faktiki olaraq sovet rəhbərliyi o vaxt öz qərarını vermişdi. Azərbaycanda isə hakimiyyətdə oturan satqın rəhbərlər və bütövlükdə satqın rəhbərlik, sadəcə olaraq, onların əlində bir alət idi.

 

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi müdriklik göstərmişdir, 1993-cü ilin oktyabr ayında Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ancaq o vaxta qədər artıq biz böyük itkilərlə üzləşmişdik - torpaq itkisi, iqtisadiyyat tamamilə çökmüşdür. Neftlə, qazla zəngin olan ölkədə qaz qıtlığı, elektrik enerjisi qıtlığı yaranmışdır. İnflyasiya 1000 faizdən çox idi, xəzinə boş idi. AXC–Müsavat cütlüyü Ermənistan torpaqlarımızı işğal edən zaman vətəndaş müharibəsini də başlamışdır, qardaş qanı tökmüşdür. Sonra da qorxaqcasına hərəsi bir yerə qaçaraq fərarilik etmişdilər. Bax, belə bir şəraitdə Azərbaycan xalqı öz taleyini öz liderinə əmanət etdi.

 

Ondan sonrakı dövr də çox çətin idi və sınaqlarla dolu idi. Ancaq Heydər Əliyev kimi qətiyyətli, cəsarətli dahi şəxsiyyət bütün bunların qabağında dura bilmişdi və Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, Azərbaycanın parçalanmaqdan xilas edilməsində onun amili aparıcı rol oynamışdır. Həm separatçılıq, həm parçalanma təhlükələri, dövlət çevrilişinə iki cəhd, iqtisadi çətinliklər - bütün bunlar o vaxt reallıq idi.

 

Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda. Bu bir humanitar fəlakət idi və biz təkbaşına qalmışdıq. Heç kim bizə kömək etmirdi, 1990-cı illərdə müharibədə də heç kim kömək etmirdi. Müharibədən sonra da heç kim kömək etmirdi. Biz bu çətinlikləri təkbaşına arxada qoyduq və bu gün ayaq üstündə möhkəm dayanmışıq. Azərbaycan xalqının iradəsi, Ulu Öndərə olan inamı, onun siyasi xətti bax, bütün bu uğurlu addımlara səbəb oldu.