20 noyabr 2026-cı il tarixdə Qıvraq qəsəbə tam orta məktəbində Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbinə Həsənova çıxış edərək müasir dövrdə rəqəmsallaşmanın dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, iqtisadi inkişafın sürətləndirilməsi və cəmiyyətin rifahının yüksəldilməsi baxımından əhəmiyyətindən danışıb.
O, ölkəmizdə rəqəmsal inkişaf istiqamətində həyata keçirilən tədbirlər, elektron dövlət xidmətlərinin genişləndirilməsi, “Hökumət buludu”nun yaradılması, “SİMA” rəqəmsal imza texnologiyasının tətbiqi və “MyGov” platformasının imkanları barədə məlumat verib.
Çıxış zamanı Fəaliyyət Planında nəzərdə tutulan əsas prioritetlər, o cümlədən dövlət idarəçiliyində vahid məlumat idarəçiliyinin tətbiqi, “yalnız bir dəfə” prinsipinin reallaşdırılması, dövlət xidmətlərinin proaktiv modelə keçirilməsi, süni intellekt texnologiyalarının inkişafı, kibertəhlükəsizliyin gücləndirilməsi və rəqəmsal savadlılığın artırılması məsələlərinə toxunulub.
Bildirilib ki, rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi yalnız müasir texnologiyaların tətbiqindən deyil, həm də insan kapitalının inkişafından, peşəkar kadrların hazırlanmasından və hər bir vətəndaşın bu prosesdə fəal iştirakından asılıdır.
Sonda Fəaliyyət Planında qarşıya qoyulan hədəflərin ardıcıl və səmərəli icrasının əhəmiyyəti vurğulanıb, iştirakçılar rəqəmsal yeniliklərdən istifadəyə və müasir texnologiyaların imkanlarından faydalanmağa çağırılıblar.