Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları qarşılıqlı suverenliyə, müstəqilliyə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət prinsipi əsasında strateji tərəfdaşlıqlarını daha da inkişaf etdirmək niyyətlərini təsdiqləyirlər.
Xartiya iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik və texnoloji sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Sənəd regional bağlantıların gücləndirilməsinə xüsusi önəm verir. Orta Dəhliz, enerji layihələri, ticarət və tranzit imkanlarının artırılması, multimodal nəqliyyat infrastrukturunun inkişafı və Naxçıvanla maneəsiz bağlantının təmin edilməsi əsas prioritetlər sırasındadır. Enerji təhlükəsizliyi, interkonnektor layihələri, mülki nüvə əməkdaşlığı və kritik mineralların tranziti də əməkdaşlıq istiqamətlərində yer alır.
Eyni zamanda, iqtisadi sərmayələrin təşviqi, biznes mühitinin yaxşılaşdırılması, süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Tədqiqat və İnkişaf mexanizmləri, innovasiya platformaları, kibertəhlükəsizlik və texnoloji işçi qüvvəsinin inkişafı prioritet istiqamətlər kimi müəyyən edilir.
Təhlükəsizlik sahəsində əməkdaşlıq müdafiə və hərbi-texniki sahəni, terrorla mübarizəni, kibertəhlükəsizliyi və humanitar minatəmizləmə fəaliyyətlərini əhatə edir. ABŞ Azərbaycanın beynəlxalq sülhməramlı missiyalardakı rolunu yüksək qiymətləndirir.
Xartiyanın icrası üçün müxtəlif istiqamətlər üzrə İşçi Qruplarının yaradılması, layihələr üzrə yol xəritələrinin hazırlanması və tərəflər arasında müntəzəm görüşlərin keçirilməsi planlaşdırılır.