Azərbaycan-Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsində

Prezident İlham Əliyev 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri çərçivəsində mətbuata bəyanatında Azərbaycan-Qırğızıstan münasibətlərinin strateji əhəmiyyətini və müttəfiqlik səviyyəsində inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, müttəfiqlik münasibətləri tərəflərin üzərinə böyük məsuliyyət qoyur və Azərbaycan qarşılıqlı dəstəyin bundan sonra da beynəlxalq platformalarda, iqtisadi-ticari əlaqələrdə və təhlükəsizlik sahəsində davam etdirilməsində maraqlıdır. Səfər çərçivəsində imzalanan sənədlərin iki ölkə arasında əməkdaşlığın geniş sahələrini əhatə etdiyi qeyd olunub.
Bəyanatda iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm razılaşmalara da diqqət çəkilib. Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması barədə razılığın əldə edildiyi bildirilib. Fondun fəaliyyəti çərçivəsində Qırğızıstanda birgə istehsalın, yeni iş yerlərinin yaradılmasının və iqtisadi əlaqələrin daha da gücləndirilməsinin nəzərdə tutulduğu qeyd olunub. Həmçinin Azərbaycanın vəsaiti hesabına İssık-Kul gölünün sahilində inşa edilmiş “Bakı” beşulduzlu hotelinin açılışı iki ölkə arasında iqtisadi və investisiya əməkdaşlığının nümunəsi kimi qiymətləndirilib.
Prezident İlham Əliyev Azərbaycan-Qırğızıstan əlaqələrinin yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını, humanitar və mədəni münasibətlərin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Ağdam rayonunda Qırğızıstanın milli qəhrəmanı Manasın adını daşıyan məktəbin açılması Qarabağın bərpasına verilən dəstəyin və iki xalq arasındakı qardaşlığın rəmzi kimi qeyd edilib. Bakı şəhərində Çingiz Aytmatovun abidəsi və onun adını daşıyan parkın yaradılması, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluğu parkının açılması, eləcə də qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlar arasında tarixi və mədəni bağların daha da möhkəmlənməsinə xidmət edən addımlar kimi dəyərləndirilib.
Səfər zamanı Azərbaycan və Qırğızıstan prezidentlərinin dövlət təltifləri ilə mükafatlandırılması da iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərin göstəricisi olub. Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı olan I dərəcəli “Manas” ordeni ilə, Prezident Sadır Japarovun isə Azərbaycanın ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə təltif olunması qarşılıqlı hörmət və dostluğun ifadəsi kimi qiymətləndirilib.
Bundan əlavə, Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərində tamhüquqlu üzv kimi iştirak etməsinin regional əməkdaşlığın inkişafında yeni imkanlar açdığı vurğulanıb. Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi və iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması Azərbaycan-Qırğızıstan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
jpg