Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilmiş yüksək səviyyəli görüşün yekunlarına dair bəyanatı

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilmiş yüksək səviyyəli görüşün yekunlarına dair bəyanatında bildirib ki, Avaza şəhərinə ikinci dəfə səfər edir və burada müşahidə olunan sürətli inkişaf ölkənin doğru yolda olduğunu nümayiş etdirir. Onun sözlərinə görə, Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi nəticəsində Avaza ilə yanaşı, Türkmənistanın bütün şəhər və kəndləri inkişaf edir, abadlaşır, yeni yaşayış məntəqələri salınır. Prezident xüsusi olaraq Arxadağla Füzuli şəhərlərinin qardaşlaşması haqqında sənədin imzalanmasını xalqlar arasında əsrlər boyu mövcud olmuş dostluq və qardaşlıq ənənələrinin davamı kimi qiymətləndirib.
İlham Əliyev qeyd edib ki, iyul ayında Türkmənistanın Lideri Azərbaycanda səfərdə olub, Bakıda və Qarabağ bölgəsində birlikdə keçirilən görüşlər zamanı bir çox məsələlər müzakirə edilib və tərəflərin mövqelərinin üst-üstə düşdüyü təsdiqlənib. Prezidentin vurğuladığına görə, Azərbaycan və Türkmənistan qardaş ölkələr kimi bundan sonra da birlikdə irəliləyəcək, qarşıdakı bütün məsələləri dostluq və əməkdaşlıq şəraitində həll edəcək, çoxtərəfli münasibətləri də gücləndirəcək.
O, həmçinin Özbəkistan Prezidenti Şavkat Miromonoviçi qardaşlıq və dostluq hissləri ilə qəbul etdiyini xatırladıb. Xankəndidə keçirilən ECO Zirvə görüşündə birgə iştirak etdiklərini bildirən dövlət başçısı əlavə edib ki, həmin səfər çərçivəsində Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikində olublar. Hazırda iki yüzdən çox işçinin çalışdığı fabrikdə əsasən qadınların işlədiyini və müəssisənin genişləndirilməsi ilə bu sayın daha da artacağını deyib. İlham Əliyev bunu Azərbaycanın, xüsusilə də Qarabağın bərpasına qardaş özbək xalqının böyük töhfəsi kimi qiymətləndirib.
Prezident xatırladıb ki, Qarabağın dirçəldilməsi istiqamətində atılan ən mühüm addımlardan biri də Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəbin açılmasıdır. Onun sözlərinə görə, artıq həmin məktəbdə yüzlərlə şagird təhsil alır və hər dəfə məktəbin qarşısından keçənlər qardaş özbək xalqına və onun liderinə dərin minnətdarlıq hissi ilə yanaşırlar.
jpg
 
jpg