Prezident İlham Əliyev: Bildiyiniz kimi, keçən il Qars-Naxçıvan dəmir yolunun tikintisi ilə bağlı Türkiyə tərəfi qərar qəbul etmişdir. Beləliklə, Naxçıvandan Qarsa qədər və faktiki olaraq Türkiyənin dəmir yolları şəbəkəsinə tam bağlantı olacaq və bu da çox önəmli layihə sayılmalıdır. Çünki Naxçıvanı Türkiyə ilə də birləşdirə biləcək dəmir yolu mütləq olmalıdır və bütün bu layihələr təbii ki, koordinasiya şəklində aparılmalıdır. Azərbaycan ərazisində bütün bu yollar daha tez həll oluna bilər. Amma koordinasiya olanda xərclənən vəsaitə qənaət də olacaq. Çünki biz də bilməliyik, nə vaxt, hansı yolun seqmenti hazır olacaq ki, o vaxta qədər öz infrastrukturumuzu buna hazırlayaq. Amma yenə də deyirəm, bizim ərazimizdə Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problem qalmayıb.
Onu da bildirməliyəm ki, bizim təşəbbüsümüzlə Ağbənd qəsəbəsində Arazın üzərindən körpü də inşa edilir. Yəni bizim o bölgədən Qərb istiqamətinə və Cənub istiqamətinə əslində iki yolumuz olacaq. Biri Zəngəzur dəhlizi - Ermənistan üzərindən, biri isə Araz dəhlizi - İran üzərindən. Bunun da təşəbbüskarı biz olmuşuq. Körpünü biz öz vəsaitimizlə inşa edirik. Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün Biləsuvardan uzun yol qət edilməlidir. İndi isə İran ərazisindən Naxçıvana cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə İran üzərindən. Biz faktiki olaraq Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik.
Naxçıvanın Baş Planı da hazırlanır, həm şəhərin, həm də bütün şəhərlərin. Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər suvarma, - indi orada böyük suvarma layihələri icra ediləcək, - istər turizm, bu bölgəni biz birləşdirəcəyik. Mən bunu bir daha demək istəyirəm, biz bunu onsuz da edəcəkdik, amma yaxşı ki, bunu sülh yolu ilə edirik. Ermənistan da təbii olaraq bundan ancaq fayda görəcək. Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır. Burada uduzan tərəflər olmamalıdır. Hər halda iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq. Əgər kimsə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu, necə deyərlər, onun problemidir. Amma əgər hər kəs bu məsələyə praqmatizm nöqteyi-nəzərindən baxsa, burada özü üçün xeyirli bir iş görə bilər.