Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikirlərini bölüşüb.
Dövlət başçısı bildirib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, xalqlar arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət və qardaşlıq bağlarına əsaslanır. Onun sözlərinə görə, son illərdə ikitərəfli münasibətlər sürətli inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mövcud səmimi dostluq və qarşılıqlı etimadın bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.
Prezident siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edib. Son beş ildə dövlət başçıları arasında çoxsaylı qarşılıqlı səfərlərin və müntəzəm təmasların əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib. O, Özbəkistana səfərlərinin hər birinin xüsusi əhəmiyyət daşıdığını, ölkədə həyata keçirilən genişmiqyaslı inkişaf layihələrinin, müasir şəhərlərin salınmasının, iqtisadiyyatın şaxələndirilməsinin, elm, təhsil, mədəniyyət və idmana göstərilən diqqətin böyük məmnunluq doğurduğunu deyib.
Dövlət başçısı 2024-cü ildə Azərbaycanın Özbəkistana, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərinin ikitərəfli münasibətlərin hüquqi və siyasi əsaslarının daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Bu səfərlər zamanı imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı bildirilib.
Prezident İlham Əliyev 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şuranın Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsində mühüm institusional mexanizmə çevrildiyini qeyd edib. Şuranın Bakı və Daşkənddə keçirilmiş iclaslarının siyasi dialoqun ardıcıllığını və birgə fəaliyyətə olan yüksək siyasi iradəni nümayiş etdirdiyini bildirib.
İqtisadi-ticari əməkdaşlığa toxunan dövlət başçısı iki ölkə arasında ticarət dövriyyəsinin 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatdığını deyib. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsinin 33 faiz artaraq 144 milyon dollar təşkil etdiyini bildirib.
Prezident Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin investisiya əməkdaşlığının inkişafında mühüm rol oynadığını vurğulayıb. Ümumi kapitalı 500 milyon dollar olan şirkətin hər iki ölkədə müxtəlif iqtisadi sahələr üzrə perspektivli layihələrin maliyyələşdirilməsinə töhfə verdiyini qeyd edib. Hökumətlərarası Komissiyanın da iqtisadi, ticari və investisiya əlaqələrinin genişləndirilməsində mühüm platforma olduğunu bildirib.
Energetika sahəsində əməkdaşlığın da uğurla inkişaf etdiyini qeyd edən Prezident neft-qaz sektorunda birgə müəssisələrin fəaliyyətini və yeni layihələri diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, “Yaşıl Dəhliz Birliyi”nin yaradılması və bərpaolunan enerjinin ixracı istiqamətində görülən işlər barədə məlumat verib.
Dövlət başçısı nəqliyyat və logistika sahəsində də müsbət dinamikanın müşahidə edildiyini bildirib. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının 6,7 faiz artaraq 1,4 milyon tona çatdığını, 2026-cı ilin ilk altı ayında isə 12,2 faizlik artım qeydə alındığını deyib. Füzulidə “Dostluq bağı”nın salınmasını, “Chevrolet” və “Isuzu” avtomobillərinin istehsalı üzrə əməkdaşlığı iqtisadi tərəfdaşlığın uğurlu nümunələri kimi qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının fəaliyyət göstərdiyini bildirib. Eyni zamanda, Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi investisiya layihələrinə, o cümlədən Daşkənddə “The Ritz-Carlton” brendi altında hotel və yaşayış kompleksinin, həmçinin “Sea Breeze Uzbekistan” turizm və yaşayış kompleksinin yaradılmasına diqqət çəkib.
Mədəni-humanitar əlaqələrdən danışan dövlət başçısı iki xalq arasında ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərin bu sahədə əməkdaşlığın əsasını təşkil etdiyini bildirib. Azərbaycan və Özbəkistanda qarşılıqlı mədəniyyət günlərinin, festivalların, elmi konfransların və digər tədbirlərin keçirilməsinin xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Bakıda yaradılması nəzərdə tutulan “Özbəkistan” parkının iki xalq arasındakı qardaşlığın daha bir rəmzinə çevriləcəyini bildirib. Həmçinin Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib.
Təhsil sahəsində əməkdaşlığın da yüksək səviyyədə olduğunu bildirən Prezident 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil aldığını diqqətə çatdırıb. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına məktəbi iki ölkə arasındakı qardaşlıq münasibətlərinin mühüm nümunəsi kimi qiymətləndirib.
Media və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığın da genişləndiyini qeyd edən dövlət başçısı Azərbaycan-Özbəkistan Media Forumlarının və QHT forumlarının keçirilməsini mühüm nəticələr kimi dəyərləndirib. Bu əməkdaşlığın nəticəsi olaraq 2026-cı ildə iki ölkənin QHT-ləri üçün ilk dəfə birgə qrant müsabiqəsinin elan edildiyini bildirib.
Prezident Özbəkistandan Azərbaycana turist səfərlərinin də artdığını qeyd edib. 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşının Azərbaycana səfər etdiyini bildirib.
Regionlararası əməkdaşlığın inkişafına toxunan dövlət başçısı Azərbaycan və Özbəkistanın müxtəlif şəhərləri arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətlərinin qurulduğunu deyib. Naxçıvan və Ürgənc arasında da yaxın gələcəkdə qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasının planlaşdırıldığını bildirib. Bu təşəbbüslərin xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığını da yüksək qiymətləndirib. Onun sözlərinə görə, iki ölkə TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq platforması deyil, həm də ortaq tarix, mədəniyyət və mənəvi dəyərləri gələcək nəsillərə çatdıran mühüm birlik kimi dəyərləndirir.
Dövlət başçısı nəqliyyat və logistika sahəsində əməkdaşlığın böyük perspektivlər vəd etdiyini bildirib. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsinin iki ölkəni Şərqlə Qərbi birləşdirən strateji marşrutlarda təbii tərəfdaşlara çevirdiyini qeyd edib. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasının region üçün yeni iqtisadi və tranzit imkanları yaradacağını vurğulayıb.
Prezident həmçinin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin son illərdə dinamik inkişaf etdiyini bildirib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakının regional əməkdaşlıq üçün yeni imkanlar yaratdığını qeyd edib. Bu proses nəticəsində əvvəllər “C5” adlandırılan əməkdaşlıq formatının faktiki olaraq “C6” formatına çevrildiyini və regional dialoqun yeni məzmun qazandığını bildirib.
Sonda Prezident İlham Əliyev Azərbaycanın və Özbəkistanın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bir-birini dəstəklədiyini vurğulayıb. O, iki qardaş ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə, Azərbaycan-Özbəkistan müttəfiqliyinin xalqların rifahına və regionda sülh, sabitlik və tərəqqinin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.