Azərbaycan ilə Laos arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar mövcuddur

Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri diqqət mərkəzində olub.
Bəyanatda qeyd olunub ki, Azərbaycan ilə Laos arasında 30 ildən artıqdır davam edən diplomatik münasibətlər siyasi dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin möhkəm təməllər üzərində qurulduğunu göstərir. Parlamentlərarası əlaqələrin, eləcə də hakim partiyalar arasında əməkdaşlığın inkişafı ikitərəfli münasibətlərin daha da gücləndirilməsinə xidmət edir.
Siyasi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən dövlət başçısı iqtisadi sahədə də əməkdaşlığın mövcud potensiala uyğun genişləndirilməsinin vacibliyini vurğulayıb. Ticarət dövriyyəsinin artırılması, biznes əlaqələrinin inkişafı və qarşılıqlı investisiya imkanlarından səmərəli istifadə olunmasının əhəmiyyətinə diqqət çəkib. Bu baxımdan, Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes forumunun iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi də əsas istiqamətlərdən biri kimi qeyd olunub. Vaxtilə Azərbaycanda təhsil almış laoslu tələbələrlə bağlı ənənənin bərpası və təqaüd mexanizmlərinin tətbiqi vasitəsilə iki ölkə arasında humanitar əlaqələrin gücləndirilməsi təklif edilib.
Bəyanatda mina təhlükəsi ilə mübarizə məsələsinə də xüsusi diqqət ayrılıb. Azərbaycanın və La­osun bu sahədə üzləşdiyi çətinliklərin təcrübə mübadiləsi, müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq üçün imkanlar yaratdığı vurğulanıb.
Nəqliyyat və logistika sahəsində əməkdaşlığın perspektivlərinə toxunularkən, Laosun dəmir yolu bağlantılarının inkişafı və Trans-Xəzər nəqliyyat marşrutuna çıxış imkanları qeyd edilib. Bununla yanaşı, energetika, mədənçilik və kənd təsərrüfatı sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda Laosun Azərbaycanın dost ölkəsi olduğu vurğulanaraq, dövlətlər arasında qarşılıqlı etimadın, siyasi iradənin və əməkdaşlığa olan marağın gələcək əlaqələrin inkişafı üçün əlverişli zəmin yaratdığı bildirilib. Azərbaycan və Laos arasında qəbul edilmiş Birgə Bəyanatın və imzalanmış sənədlərin ikitərəfli münasibətlərin yeni istiqamətlər üzrə inkişafına töhfə verəcəyi qeyd olunub.
 
2