Bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri çərçivəsində sentyabrın 30-da mətbuata verdiyi bəyanatında bildirib.
Dövlət başçısı qeyd edib ki, Prezident Mattarella Azərbaycana artıq ikinci dəfədir rəsmi səfər edir. Onun ilk səfəri yeddi il əvvəl baş tutub. Bu günkü səfər isə iki ölkə arasında əməkdaşlığın yüksələn xətlə davam etdiyini nümayiş etdirir. Prezident İlham Əliyev xatırladıb ki, ötən il Prezident Mattarellanın qonağı olub və həmin görüşdə onu Azərbaycana yenidən səfərə dəvət edib.
Azərbaycan və İtaliya arasında iki mühüm strateji sənədin imzalandığını vurğulayan Prezident İlham Əliyev bildirib ki, birinci sənəd 2015-ci ildə qəbul olunub, beş il əvvəl isə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu illər ərzində əməkdaşlıq müxtəlif sahələrdə böyük inkişaf yolu keçib.
Prezident İlham Əliyev xüsusi olaraq siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu, dövlət başçıları arasında mütəmadi görüşlərin keçirildiyini qeyd edib. O, həmçinin İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, hər il ikitərəfli ticarət dövriyyəsinin artdığını diqqətə çatdırıb.
Energetika sahəsində də bir çox əhəmiyyətli layihələrin həyata keçirildiyini vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan nefti və qazı İtaliyaya ixrac edilir və bununla həm dünya bazarlarına çıxış təmin olunur, həm də bir çox ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfə verilir.