Azərbaycan-Çin Əlaqələrində Yeni Strateji Səviyyə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il aprelin 21-də Çin Xalq Respublikasının Sinxua informasiya agentliyinə verdiyi müsahibədə Azərbaycan-Çin münasibətlərinə dair bir sıra vacib məqamları diqqətə çatdırmışdır. Prezident bildirib ki, 2023-cü il iyulun 3-də iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” bu əlaqələrin inkişafında mühüm mərhələ təşkil edir.
Sənəddə qeyd olunur ki, Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin əsası 1992-ci il aprelin 2-də qoyulmuş və ötən dövr ərzində əməkdaşlıq bir sıra səmərəli nəticələrlə müşayiət olunmuşdur. İki tərəf əməkdaşlığın gələcəkdə də genişləndirilməsi, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi və ümumi maraqların birgə müdafiəsi istiqamətində razılığa gəlmişdir. Həmçinin qeyd olunmuşdur ki, Azərbaycan və Çin regional və qlobal səviyyədə sülhün, sabitliyin və inkişafın təşviqinə birgə töhfə vermək əzmindədirlər.
Birgə Bəyannamədə strateji tərəfdaşlığın əsas prinsipləri – qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq – xüsusi vurğulanmışdır. Tərəflər bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq kimi beynəlxalq hüququn fundamental prinsiplərini rəhbər tutduqlarını təsdiqləmişlər.
Prezident İlham Əliyev müsahibəsində onu da qeyd etmişdir ki, bu Bəyannamənin imzalanması Azərbaycan-Çin münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olmuşdur. ÇXR Sədri Si Cinpin ilə ikitərəfli görüş zamanı bu sənədin hər iki ölkəni rəsmi strateji tərəfdaş statusuna yüksəltdiyi və bunun həm böyük uğur, həm də ciddi məsuliyyət olduğu vurğulanmışdır. Astanada keçirilən görüş çərçivəsində Prezident İlham Əliyev Çin tərəfinin rəsmi dəvətini qəbul etdiyini və öz növbəsində, Çin rəhbərini Azərbaycana rəsmi səfərə dəvət etdiyini bildirmişdir. Dövlət başçısı belə yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə inam ifadə etmişdir.