Prezident İlham Əliyev Ağ Evdə Azərbaycan media nümayəndələrinə verdiyi açıqlamada bildirdi ki, son beş ildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi mövzusunda müxtəlif ölkə liderləri tərəfindən çoxlu sayda şayiə və təxribat xarakterli iddialar səsləndirilib. Onun sözlərinə görə, guya Azərbaycanın Ermənistana hücum etmək, ərazini güc yolu ilə ələ keçirmək niyyəti varmış kimi təqdimatlar olub. Bu iddiaları dəfələrlə təkzib etməyimizə baxmayaraq, artıq formalaşmış yanlış təsəvvürü dəyişmək asan olmayıb, o cümlədən ABŞ-da da belə fikir mövcud olub.
Dövlət başçısı vurğulayıb ki, hazırda baş verənlər Ermənistan Baş naziri ilə onun imzaladığı və ABŞ Prezidenti Donald Trampın da şahidlik etdiyi Birgə Bəyannamədə öz əksini tapıb. Sənəddə Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsiz keçid məsələsi açıq şəkildə qeyd olunub və bu, Ermənistanın suverenliyi çərçivəsində təsbit edilib. Prezidentin sözlərinə görə, Azərbaycanın istəyi sadəcə ölkənin bir hissəsindən digər hissəsinə sərbəst keçid təmin etmək olub.
O xatırladıb ki, bu məsələ 2020-ci il 10 noyabr bəyanatında da Ermənistanın öhdəliyi kimi yer alıb, lakin ötən beş ildə real iş görülməyib. Bu müddətdə Azərbaycan dəmir yolunu demək olar ki, Ermənistan sərhədinə qədər çəkib. Prezident əlavə edib ki, bu yolun sərhədə qədər tam çatdırılması üçün bir ildən də az, hətta intensiv iş aparılarsa, altı ay kifayət edə bilər. Paralel olaraq Naxçıvanda da dəmir yolunun bərpasına başlanacaq. Azərbaycanın iki hissəsini birləşdirmək üçün təxminən 40 kilometrdən bir qədər çox dəmir yoluna ehtiyac olduğunu bildirən İlham Əliyev, bununla yanaşı elektrikötürücü xətlərin, fiber-optik rabitənin və gələcəkdə Xəzərin o tayındakı tərəfdaşlarla birgə enerji resurslarının daşınmasına imkan verəcək digər infrastrukturun da nəzərdə tutulduğunu qeyd edib.