Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış edib.

2025-ci il oktyabrın 21-də Astanada Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda Qazaxıstanın inkişafı, beynəlxalq nüfuzu və Azərbaycanla qardaşlıq münasibətlərindən bəhs edib.
Dövlət başçısı bildirib ki, Prezident Kasım-Jomart Tokayevin uzaqgörən siyasəti nəticəsində Qazaxıstan dinamik şəkildə inkişaf edir, müasir texnologiyalar və süni intellekt sahəsində aparılan islahatlar ölkənin modernləşməsini sürətləndirir.
İlham Əliyev qeyd edib ki, Qazaxıstan bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş, öz milli maraqları əsasında siyasət yürüdən güclü dövlət kimi tanınır. Azərbaycan da hər zaman Qazaxıstanın qardaş dəstəyini hiss edib – xüsusilə işğal dövründə bu dəstək beynəlxalq platformalarda daim özünü göstərib.
Prezident həmçinin vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması istiqamətində atılan addımlar regionda sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Vaşinqtonda imzalanmış sülh sazişindən sonra Qazaxıstan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan artıq Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. İlk belə tranzit Qazaxıstanın Ermənistana göndərdiyi taxıl olub. Dövlət başçısı bunu sülhün təkcə sənədlərdə deyil, həm də real həyatda tətbiqinin bariz nümunəsi kimi dəyərləndirib.
İlham Əliyev qeyd edib ki, Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daima dəstəkləyir. Gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin sammitlərində Qazaxıstan Prezidentinin fəxri qonaq kimi iştirakı gözlənilir. Prezident vurğulayıb ki, iki ölkə demək olar ki, bütün beynəlxalq platformalarda eyni mövqedən çıxış edir və bu, qardaşlığımızın bariz göstəricisidir.
jpg