Ağdamın yeni inkişaf dövrü

Ötən dövrdə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən hazırlanıb və təsdiqlənib. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın bərpasını, rayonda gedən tikinti-quruculuq işlərini daim nəzarətdə saxlayırlar. Təkcə bu il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə rayonda aparılan işlərlə tanış olmaq üçün Ağdama səfər ediblər. Fevralın 18-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə, 1 nömrəli körpələr evi-uşaq bağçasında, 1268 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə, “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə, Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə, “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar. Dövlətimizin başçısı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib.
Martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın, Sarıcalı kənd körpələr evi-uşaq bağçasının və tam orta məktəbinin binasının açılışlarında iştirak edib, yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.
Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılış mərasimində olublar. Həmin gün dövlətimizin başçısı rayonun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.
Həmçinin Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə, kənddəki klub-icma mərkəzində, yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub. Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında, kənddə inşa edilən tam orta məktəbin binasının, Kəngərli kəndinin birinci mərhələsinin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.
İyulun 3-də Prezident İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər. Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar, Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.
İyulun 18-də Prezident İlham Əliyev Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında, Ağdam şəhərində 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçasının, 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının, “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışlarında iştirak edib.
jpg
jpg