9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” - Ümummilli Lider Heydər Əliyev

 

Dövlət Bayrağı – müstəqilliyimizin və milli dövlətçiliyimizin rəmzi

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlət müstəqilliyinə bağlılığını və dövlət rəmzlərinə hörmətini ifadə edən əlamətdar gündür. 

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bu gün qeyri-iş günü olan bayramlar sırasına daxildir.

Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.

Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

 

Ümummilli Lider Heydər Əliyevin tarixi təşəbbüsü

Üçrəngli Dövlət Bayrağımızın yenidən dövlətçilik tariximizə qaytarılmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Həmin sessiyada muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması barədə də tarixi qərar qəbul olunmuşdur.

“90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.” - Ümummilli Lider Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Ali Məclisi üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması üçün Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də bu vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Dövlət Bayrağı haqqında Qanun qəbul edilərək üçrəngli bayrağımız yenidən dövlət bayrağı elan olunmuşdur.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli Dövlət Bayrağını bərpa etmişdir.

 

Dövlət Bayrağımızın təsviri və hüquqi statusu

Azərbaycan Respublikasının Dövlət Bayrağının təsviri Konstitusiyanın 23-cü maddəsi və 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanunu ilə müəyyən edilir. Bayrağımız eni bərabər olan üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Dövlət Bayrağı Azərbaycanın suverenliyini, müstəqilliyini və milli kimliyini təcəssüm etdirən əsas dövlət rəmzlərindəndir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə hörmət etməlidir. Dövlət bayrağının istifadəsi ilə bağlı qaydalar isə 2004-cü il 8 iyun tarixli Qanunla tənzimlənir.

 

Dövlət Bayrağı Meydanı və Bayraq Muzeyi

Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması dövlət bayrağımıza verilən yüksək dəyərin ifadəsidir. Meydanın açılışı 2010-cu il sentyabrın 1-də keçirilmiş, həmin ilin noyabrın 9-da isə burada Dövlət Bayrağı Muzeyi istifadəyə verilmişdir.

Muzeydə Azərbaycanın müxtəlif tarixi dövrlərinə aid dövlət və xanlıq bayraqları, eləcə də dövlətçilik tariximizi əks etdirən çoxsaylı eksponatlar nümayiş etdirilir. 2024-cü il noyabrın 8-də Dövlət Bayrağı Meydanı yenidən açılmış, Prezident İlham Əliyev burada Azərbaycan Bayrağını ucaltmışdır. Təmir-bərpa işlərindən sonra fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunan “Zəfər qalereyası” yaradılmışdır. Burada işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndidə keçirilən hərbi paradı əks etdirən fotolar da nümayiş olunur.

 

Dövlət Bayrağı – milli həmrəyliyimizin və qürurumuzun ifadəsi

Azərbaycan Respublikasında təsis edilmiş dövlət təltiflərindən biri də “Azərbaycan Bayrağı” ordenidir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il dekabrın 6-da imzaladığı Qanunla bu ordenin statusu və təsviri təsdiq edilmişdir.

Dövlət Bayrağımız milli həmrəyliyimizin, vahid azərbaycançılıq məfkurəsi ətrafında birliyimizin və müstəqil dövlətə sahib çıxmaq iradəmizin təcəssümüdür. O, xalqımızın tarixi keçmişini, milli-mənəvi dəyərlərini və gələcəyə olan inamını özündə birləşdirir. Bayrağımıza hörmət hər bir Azərbaycan vətəndaşının mənəvi və vətəndaşlıq borcudur.

 

Zəfərimizin rəmzi – işğaldan azad edilmiş torpaqlarda dalğalanan bayrağımız

2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər üçrəngli bayrağımızın yeni qələbə səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə ilk səfərləri həmin torpaqlarda Azərbaycan Bayrağının ucaldılması ilə əlamətdar oldu. Bu gün üçrəngli bayrağımız Qarabağda və Şərqi Zəngəzurda əzəmətlə dalğalanır.

İşğaldan azad edilmiş torpaqlarımızda Dövlət Bayrağının ucaldılması xalqımızın milli qürurunun, tarixi ədalətin bərpasının və dövlət suverenliyimizin təntənəsinin parlaq ifadəsidir. Bu müqəddəs rəmz hər bir azərbaycanlıya müstəqilliyimizi qorumağı, dövlətçiliyimizi möhkəmləndirməyi və Vətənimizin gələcəyi naminə çalışmağı xatırladır.

 

Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın!