8 Noyabr – Zəfər Günüdür

Azərbaycan torpaqlarının işğalı və ədalətin bərpasına aparan yol

1988-ci ildə başlayan Qarabağ hadisələri, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti nəticəsində ölkəmiz ağır faciələrlə üzləşmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində şəhər və kəndlərimiz dağıdılmış, on minlərlə günahsız insan həlak olmuş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. İşğal altında saxlanılan ərazilərimizdə yaşayış infrastrukturu, tarixi-mədəni abidələr, dini məbədlər və digər milli sərvətlərimiz məhv edilmiş, ölkəmizə milyardlarla dollar həcmində maddi ziyan vurulmuşdur.

İşğal altında olan torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası və dövlət bayrağımızın bütün suveren ərazilərimizdə dalğalanması Azərbaycan dövlətinin əsas strateji hədəfi olmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və prinsipial siyasət, ordu quruculuğu, iqtisadiyyatın gücləndirilməsi və beynəlxalq nüfuzun artırılması Zəfərə aparan yolun əsasını təşkil etmişdir. Uzun illər ərzində Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksəldilmiş, müasir silah və hərbi texnika ilə təchizatı təmin edilmişdir. Hərbi sənaye kompleksinin inkişafı nəticəsində ölkəmizdə müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları və atıcı silahlar istehsal olunmağa başlanmış, mindən çox hərbi təyinatlı məhsulun istehsalı təmin edilmişdir.

Eyni zamanda, Azərbaycanın iqtisadi inkişafı, enerji və nəqliyyat layihələri, çoxşaxəli xarici siyasəti beynəlxalq mövqelərimizi daha da gücləndirmişdir. Ölkəmiz münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasına nail olmağa çalışmışdır. Lakin uzun illər fəaliyyət göstərən ATƏT-in Minsk qrupu münaqişənin həllində real nəticə əldə edə bilməmiş, danışıqlar prosesi nəticəsiz qalmışdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi:

“Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.”

 

44 günlük Vətən müharibəsi və tarixi Zəfər

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə genişmiqyaslı təxribatları və Azərbaycan Ordusunun mövqelərini, eləcə də yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamışdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan və “Dəmir yumruq” adlandırılan əməliyyat Azərbaycan xalqının 30 ilə yaxın gözlədiyi tarixi anın başlanğıcı olmuşdur.

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq, peşəkarlıq və döyüş əzmi nümayiş etdirmişdir. Hər gün yeni yaşayış məntəqələri və strateji yüksəkliklər işğaldan azad edilmiş, düşmənin hərbi qüvvələrinə ağır zərbələr endirilmişdir. Azərbaycan əsgəri və zabiti torpaqlarımızın azadlığı, tarixi ədalətin bərpası uğrunda əzmlə mübarizə aparmışdır.

Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri, Hadrut qəsəbəsi, Mincivan, Ağbənd və Bartaz qəsəbələri, yüzlərlə kənd və strateji yüksəkliklər düşmən işğalından azad olunmuşdur.

Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi müharibənin taleyini həll edən ən mühüm hadisələrdən biri olmuşdur. Şuşanın azad olunması Azərbaycanın hərbi qüdrətinin, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığının təcəssümü kimi tarixə düşmüşdür.

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanat imzalanmış, hərbi əməliyyatlar dayandırılmışdır. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana qaytarılmışdır. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycanın nəzarətinə keçmişdir.

Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini və həmrəyliyini bütün dünyaya nümayiş etdirmişdir. Ölkə daxilində siyasi qüvvələrin, müxtəlif xalqların nümayəndələrinin, xaricdə yaşayan soydaşlarımızın vahid məqsəd ətrafında birləşməsi “Dəmir yumruq” ifadəsində öz əksini tapmışdır. Müharibə dövründə Prezident İlham Əliyevin beynəlxalq media qurumlarına verdiyi 30-dan çox müsahibə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır.

Prezident İlham Əliyevin sözləri ilə desək:

“44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.”

 

Dövlət suverenliyinin tam bərpası

Vətən müharibəsində qazanılmış tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olsa da, ölkəmizin bütün ərazilərində suverenliyin tam təmin olunması üçün əlavə addımların atılması zərurəti yaranmışdır.

2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində, Həkəri çayı üzərində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması dövlət suverenliyimizin və sərhədlərimizin qorunması baxımından mühüm hadisə olmuşdur.

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda qanunsuz silahlı birləşmələrin təxribatlarının qarşısının alınması, onların tərksilah edilməsi və ölkəmizin konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror əməliyyatına başlamışdır. Sentyabrın 20-də əməliyyat dayandırılmış, nəticədə Azərbaycanın dövlət suverenliyi bütün ərazilərində tam bərpa edilmişdir.

2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltmışdır. Bu hadisə ölkəmizin müasir tarixində mühüm və rəmzi əhəmiyyət daşıyan hadisə kimi yadda qalmışdır.

Dövlət başçısının qeyd etdiyi kimi:

“Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.”

 

Zəfərin əbədiləşdirilməsi və dövlət səviyyəsində qeyd olunması

Azərbaycanın tarixi Qələbəsinin əbədiləşdirilməsi, şəhidlərimizin xatirəsinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm qərarlar qəbul edilmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin hərbi qulluqçuların qəhrəmanlığını və xidmətlərini qiymətləndirən bir sıra orden və medallar təsis edilmişdir.

2020-ci il dekabrın 3-də imzalanmış Sərəncamla noyabrın 8-i Zəfər Günü elan edilmişdir. Həmin il dekabrın 10-da Bakının Azadlıq Meydanında Vətən müharibəsində qələbəmizə həsr olunmuş Zəfər paradı keçirilmiş, paradda 3000 Azərbaycan hərbçisi iştirak etmişdir.

2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkı istifadəyə verilmişdir. Parkda Vətən müharibəsi zamanı düşməndən qənimət götürülmüş hərbi texnikalar, silahlar və müharibənin gedişatını əks etdirən çoxsaylı eksponatlar nümayiş olunur.

2024-cü il noyabrın 8-də Bakıda Zəfər parkının açılışı olmuşdur. Təxminən 10 hektar ərazini əhatə edən parkda 44 günlük Vətən müharibəsinin rəmzi kimi 44 metr hündürlüyündə Zəfər tağı inşa edilmişdir.

2025-ci il noyabrın 8-də isə Zəfər muzeyinin açılışı keçirilmişdir. Muzeydə Qarabağın tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Şuşanın azad olunması, qəhrəmanlarımızın şücaəti, dövlət suverenliyinin bərpası və işğaldan azad edilmiş ərazilərdə dirçəliş prosesini əks etdirən 8 ekspozisiya zalı yaradılmışdır.

Bununla yanaşı, 2021-ci il noyabrın 5-də Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilmiş və amnistiya 17 min 267 şəxsə şamil olunmuşdur. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü təsis edilmişdir.

 

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh gündəliyi

Azərbaycan Vətən müharibəsindən sonra da regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirmişdir.

2025-ci il avqustun 7-8-də Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Sammiti keçirilmiş, Birgə Bəyannamə imzalanmışdır. Görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş layihəsi paraflanmışdır.

Birgə Bəyannamədə iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.

 

Həmin səfər zamanı ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciət də imzalanmış, 2025-ci il noyabrın 30-da bu prosesin bağlanması yekunlaşmışdır. Bu hadisə uzun illər nəticəsiz qalmış vasitəçilik mexanizminin sona çatması baxımından mühüm siyasi nəticədir.