
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev
Qarabağ Zəfərinə aparan yolun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi və hərbi qüdrətini artıraraq ərazi bütövlüyünün bərpasına nail olmuşdur. Güclü Azərbaycan Ordusu, xalqımızın milli birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əldə edilməsini təmin etmişdir.
2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək tariximizin ən şanlı səhifələrindən birini yazdı. Çətin relyef şəraitində, sıldırım qayalardan və meşələrdən keçərək həyata keçirilən Şuşa əməliyyatı hərb tariximizə qəhrəmanlıq nümunəsi kimi düşdü. Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynadı.
Prezident İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək Şuşanın azad olunduğunu bəyan etdi. Bu tarixi hadisə xalqımızın milli qürurunun, birliyinin və iradəsinin təntənəsinə çevrildi. Dövlət başçısının 8 Noyabrın Zəfər Günü elan edilməsi ilə bağlı imzaladığı Sərəncamla bu şanlı tarix əbədiləşdirildi.
İşğaldan azad edildikdən sonra Şuşada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Şəhərin tarixi simasının qorunması, infrastrukturun yenilənməsi, yaşayış və sosial obyektlərin tikintisi, tarixi-mədəni abidələrin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir.
Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş, 2022-ci il isə ölkəmizdə “Şuşa İli” olmuşdur. Şuşa, eyni zamanda, 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilmiş, 2026-cı il üçün isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilmişdir.
2021-ci il 31 may tarixində qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun şəhərin qorunması, bərpası, inkişafı və təbliğinin hüquqi əsaslarını müəyyən etmişdir. Şuşanın 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi də şəhərin gələcək inkişafı üçün mühüm mərhələ olmuşdur.
Bu gün Şuşada tarixi məscidlər, muzeylər, memarlıq abidələri və digər mədəniyyət nümunələri bərpa edilir, yeni yaşayış kompleksləri, sosial obyektlər, yollar və turizm infrastrukturu yaradılır. “Zəfər Yolu”nun salınması, tarixi abidələrin əvvəlki görkəminə qaytarılması, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərinin yenidən öz yerlərinə qoyulması görülən işlərin mühüm nümunələrindəndir.
Böyük Qayıdış və Şuşanın məskunlaşdırılması
Şuşanın azad olunması ilə başlayan qayıdış prosesi bu gün də davam edir. Doğma yurda qayıdan sakinlər şəhərin yeni həyatına, quruculuq və inkişafına öz töhfələrini verirlər. 23 oktyabr 2026-cı il tarixinə Şuşa şəhərində, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərində ümumilikdə 420 ailə, 1579 nəfər məskunlaşmışdır.
Şuşa – beynəlxalq tədbirlər və əməkdaşlıq məkanı
Azad Şuşa bu gün yalnız Azərbaycanın deyil, bütövlükdə regionun mühüm mədəniyyət, turizm və beynəlxalq əməkdaşlıq mərkəzlərindən birinə çevrilir. Şəhərdə ənənəvi “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Şuşa Qlobal Media Forumu və müxtəlif beynəlxalq tədbirlər keçirilir.
2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Şuşa Bəyannaməsinin imzalanması şəhərin tarixində mühüm siyasi hadisə kimi yer almışdır. Sonrakı illərdə müxtəlif dövlətlərin rəhbərlərinin Şuşaya səfərləri, beynəlxalq görüşlər və zirvə toplantıları şəhərin artan əhəmiyyətini nümayiş etdirmişdir.
Prezident İlham Əliyevin Şuşaya səfərləri
Şuşanın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyev dəfələrlə şəhərə səfər edərək burada aparılan bərpa-quruculuq işlərinin gedişi ilə tanış olmuş, yeni infrastruktur və sosial obyektlərin açılışlarında, beynəlxalq tədbirlərdə iştirak etmişdir. Dövlət başçısının səfərləri çərçivəsində yaşayış kompleksləri, məktəb, xəstəxana, məscidlər, yollar, turizm və mədəniyyət obyektləri ilə bağlı layihələrə baxış keçirilmişdir.
2021-ci il yanvarın 14-də Şuşada Azərbaycan Bayrağının ucaldılması ilə başlayan bu səfərlər şəhərin yenidən qurulması, məskunlaşdırılması və tarixi-mədəni irsinin bərpası istiqamətində həyata keçirilən ardıcıl fəaliyyətin tərkib hissəsidir.
Şuşanın azad olunması Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq. Bu gün qədim şəhərimiz yenidən qurulur, öz tarixi şöhrətinə qovuşur və gələcək nəsillərə bütöv, azad Azərbaycanın rəmzi kimi təqdim olunur.
8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın qəhrəmanlığının, milli birliyinin və Vətən sevgisinin təcəssümüdür.