23 may 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar Kəngərli rayonunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülmüş, xatirəsi dərin ehtiramla yad edilmişdir.
Kəngərli Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov tədbiri çıxış nitqi ilə açaraq “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaqları təbrik edib, onlara göstərilən dövlət qayğısından və sağlam, savadlı, vətənpərvər ruhda böyümələrinin əhəmiyyətindən danışıb. Həmçinin Kamal Ələkbərov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətinin prioritetlərindən danışıb, bu istiqamətdə Birinci-vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü yalnız bir bayram deyil, həm də uşaqların hüquqlarını qorumaq, onların sağlam və təhlükəsiz bir mühitdə böyümələrini təmin etmək üçün xatırlatma günüdür. Azərbaycan Respublikasında uşaqların rifahı daim diqqət mərkəzində olmuşdur.
Kəngərli rayonu üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan şagird Nurçin Abdullayeva qazandığı uğurlardan danışıb, yaradılan şərait, göstərilən diqqət, müasir təhsil imkanları və dəstəyə görə minnətdarlığını bildirib.
Tədbir çərçivəsində rayon üzrə 2024–2025-ci tədris ilində təhsil, idman və incəsənət sahələrində yüksək nailiyyətlər əldə etmiş uşaqlara Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən diplom və hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində Kəngərli rayonu üzrə fəaliyyət göstərən Uşaq Musiqi məktəbləri, tam orta məktəblərin şagirdləri və körpələr evi-uşaq bağçasının balaca fidanları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqs nömrələri nümayiş etdirilib.
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg