2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək mədəniyyətlərarası münasibətlər, multikulturalizm, Azərbaycanın tarixi və müstəqillik dövründə əldə etdiyi nailiyyətlər, Ermənistanla sülh prosesi, beynəlxalq hüququn tətbiqində ikili standartlar və ölkəmizin beynəlxalq mövqeyi barədə ətraflı fikirlərini bildirib.
Dövlət başçısı çıxışının əvvəlində forumun iştirakçılarını salamlayaraq, Azərbaycana gələn qonaqları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Qeyd olunub ki, forumda 100-dən artıq ölkəni təmsil edən 500-dən çox xarici qonaq da daxil olmaqla, 2000-dən artıq iştirakçı qeydiyyatdan keçib. Prezident bu göstəricilərin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun son 15 il ərzində mədəniyyətlərarası münasibətlərin və qlobal gündəlikdəki aktual məsələlərin müzakirəsi üçün səmərəli, əhatəli beynəlxalq platformaya çevrildiyini nümayiş etdirdiyini vurğulayıb.
İlk forumun 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə keçirildiyini xatırladan İlham Əliyev bu təşəbbüsə dəstək göstərən tərəfdaşlara, xüsusilə BMT-nin Sivilizasiyalar Alyansına minnətdarlığını bildirib. İki ildən bir təşkil olunan forumlarda mədəniyyətlər və dinlər arasında münasibətlərin əsas müzakirə istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb.
Prezident Azərbaycanın coğrafi mövqeyinə və tarixi ənənələrinə toxunaraq ölkəmizin əsrlər boyu Avropa ilə Asiya arasında mədəniyyət körpüsü rolunu oynadığını qeyd edib. Multikulturalizm, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı və yüksək qiymətləndirdiyi dəyərlər kimi səciyyələndirilib. Dövlət başçısı Azərbaycanın sabit və uğurlu inkişafında cəmiyyətdəki həmrəyliyin və qarşılıqlı anlaşmanın mühüm rol oynadığını bildirib.
Çıxışda vurğulanıb ki, ölkədə yaşayan bütün etnik qrupların və dini icmaların nümayəndələri Konstitusiyaya uyğun olaraq bərabər hüquqlara malikdirlər və vahid ailə kimi yaşayırlar. Qarşılıqlı hörmət, anlaşma və həmrəyliyin Azərbaycan cəmiyyətinin əsas xüsusiyyətlərindən olduğu bildirilib. Bu birliyin mühüm dayaqlarından biri kimi azərbaycançılıq ideyası göstərilib. Dövlət başçısı Ermənistanın hərbi təcavüzü və işğalı, eləcə də İkinci Qarabağ müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələrinin vahid mövqedən çıxış etdiklərini, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə birləşdiklərini qeyd edib. “Dəmir yumruq” ifadəsi xalqın birliyinin və Qələbənin rəmzi kimi təqdim olunub.
Prezident İlham Əliyev Azərbaycanın dövlətçilik tarixinə və müstəqilliyin bərpasından sonrakı inkişaf yoluna da toxunub. Dövlətçilik ənənələrinin qədimliyinə baxmayaraq, ölkəmizin son iki əsrdə müstəqillikdən məhrum olduğunu, lakin müxtəlif siyasi sistemlər dövründə milli dəyərlərini, dilini, ənənələrini və həyat tərzini qoruyub saxladığını bildirib. Müstəqilliyin bərpasının Azərbaycan xalqına öz taleyini müstəqil müəyyənləşdirmək imkanı verdiyi vurğulanıb.
2026-cı ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünün qeyd edildiyini xatırladan dövlət başçısı ölkədə müşahidə olunan inkişafın və quruculuq işlərinin böyük hissəsinin müstəqillik illərində həyata keçirildiyini bildirib. Bununla yanaşı, müstəqillik dövründə milli ənənələrin qorunub saxlanılması ilə yanaşı, onların daha da möhkəmləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Çıxışın növbəti hissəsində Prezident milli təhlükəsizlik və müstəqilliyin qorunması məsələlərinə diqqət çəkib. Ölkənin qarşılaşa biləcəyi risklərə qarşı daim ayıq-sayıq olmağın vacibliyi vurğulanıb. Dövlətçiliyin, milli kimliyin, müstəqilliyin və həyat tərzinin qorunması əsas vəzifələr kimi dəyərləndirilib. İdeoloji risklərin də fiziki təhlükələr qədər ciddi ola biləcəyi qeyd olunub.
Dövlət başçısı Azərbaycanın müstəqillik dövründə qarşısında duran başlıca məqsədlərdən birinin ərazi bütövlüyünün bərpası və işğal altında olan torpaqların azad edilməsi olduğunu bildirib. Uzun illər davam edən danışıqların nəticə vermədiyi, prosesin münaqişənin həllindən daha çox dondurulmasına xidmət etdiyi diqqətə çatdırılıb. Azərbaycanın işğal altında olan ərazilərlə bağlı vəziyyətlə barışmadığı və məsələni beynəlxalq hüquq çərçivəsində həll etmək üçün səylər göstərdiyi vurğulanıb.
Prezident qeyd edib ki, Azərbaycan özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən 51-ci maddədə nəzərdə tutulan hüquqi əsaslara söykənərək ərazi bütövlüyünün bərpasına nail olub. Ermənistanın 30 il davam edən işğalına son qoyulması, ədalətin və beynəlxalq hüququn bərpası ölkənin tarixi nailiyyəti kimi qiymətləndirilib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən dörd qətnamənin uzun illər icra edilmədiyi xatırladılıb.
İlham Əliyev 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsinin və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının işğala son qoyduğunu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirib. Bu nəticələrin beynəlxalq hüququn normalarına uyğun şəkildə əldə olunduğu xüsusi vurğulanıb.
Bundan sonra Ermənistanla sülh münasibətlərinin qurulması istiqamətində atılan addımlardan danışan dövlət başçısı Azərbaycanın sülh təklif edən tərəf olduğunu qeyd edib. Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsinin hazırlanmasında Azərbaycanın təşəbbüskar mövqeyi vurğulanıb. Bildirilib ki, Azərbaycan sonsuz müharibənin davam etməsində maraqlı olmayıb və qisas niyyəti güdməyib. Prezidentin fikrincə, müharibədə əldə olunan Qələbədən sonra lazımi məqamda dayanmaq və sülhə üstünlük vermək davamlı sabitliyin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısı dünyada yeni münaqişələrin yaranmasını və müharibələrin başa çatdırılmasının çətinliyini qeyd edərək, Azərbaycanın təcrübəsinin digər münaqişələrin həlli ilə bağlı müzakirələrdə öyrənilə biləcəyini bildirib. Münaqişələrin yaranmasının əsas səbəbləri sırasında siyasi ambisiyalar, təcavüz, üstünlük hissi və törədilən əməllərə görə cəzalandırılmayacağına dair yanlış əminlik göstərilib.
Çıxışda beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icra mexanizmləri məsələsi də ön plana çəkilib. BMT-də islahatların aparılması ilə bağlı müzakirələrə toxunan Prezident Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edən təsirli mexanizmlərin yaradılmasının vacibliyini bildirib. Azərbaycanın işğal dövründə üzləşdiyi vəziyyətə nümunə göstərilərək, dörd qətnamənin qəbul olunmasına baxmayaraq, onların icrasının təmin edilmədiyi və Ermənistana qarşı sanksiyaların tətbiq olunmadığı qeyd edilib.
Dövlət başçısı bunu beynəlxalq münasibətlərdə ikili standartların təzahürü kimi dəyərləndirib. Azərbaycanın xarici siyasətində ikili standartlara qarşı mübarizənin mühüm yer tutduğu vurğulanıb. İşğal nəticəsində beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin təxminən 20 faizinin zəbt edildiyi, etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlının öz doğma torpaqlarından didərgin salındığı və Qarabağda 65 məscidin dağıdıldığı bildirilib. Bu hadisələrə görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi beynəlxalq münasibətlərdə ədalət prinsipinin pozulması kimi təqdim olunub.
İlham Əliyev ikili standartların yalnız münaqişələrə münasibətdə deyil, həm də müstəqil dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərində özünü göstərdiyini bildirib. Dövlətlərin bir-birinin suverenliyinə və seçimlərinə hörmətlə yanaşmasının vacibliyi vurğulanıb. Azərbaycanın digər ölkələrin daxili işlərinə müdaxilə etmədiyi, eyni münasibəti özünə qarşı da gözlədiyi qeyd olunub. Dövlət başçısı ölkəmizə qarşı əsassız üstünlük nümayiş etdirilməsinin və diktə cəhdlərinin bundan sonra da qətiyyətlə qarşılanacağını bildirib.
Çıxışın davamında Azərbaycanın müstəqillik illərində əldə etdiyi sosial-iqtisadi və siyasi nailiyyətlərə diqqət yetirilib. Prezident bu uğurların Azərbaycan xalqının zəhməti hesabına əldə olunduğunu, ölkəmizin dağıntı, işğal və geniş yayılmış yoxsulluq şəraitindən tərəqqi və inkişafa doğru yol keçdiyini qeyd edib. Azərbaycanın xarici siyasətdə, iqtisadi fəaliyyətdə, qlobal enerji və nəqliyyat bazarlarında rolunun artdığı, qeyri-sabit regionda sabitliyin dayaqlarından biri kimi qəbul olunduğu vurğulanıb.
Azərbaycanın beynəlxalq tərəfdaşlıqlarına dair konkret faktlar da səsləndirilib. Bildirilib ki, 2025-ci ilin aprelində Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə, həmin ilin avqustunda isə Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanıb. Beləliklə, Azərbaycanın iki böyük dövlətlə strateji tərəfdaşlıq formatına malik olduğu qeyd edilib. Eyni zamanda, Avropa İttifaqının 10 üzv dövləti ilə ölkəmiz arasında strateji tərəfdaşlıq bəyannamələrinin və ya sazişlərinin mövcudluğu diqqətə çatdırılıb.
Dövlət başçısı Azərbaycanın gələcək beynəlxalq tədbirlərə ev sahibliyi etməsi barədə də məlumat verib. 2027-ci ildə ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyi və təxminən 60 ölkəni birləşdirən bu təşkilata sədrlik edəcəyi bildirilib. 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Bakıda keçirilməsi nəzərdə tutulur. 50-dən artıq ölkəni əhatə edən bu format çərçivəsində tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən etimad və hörmətin göstəricisi kimi qiymətləndirilib.
Çıxışda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) fəaliyyəti də qeyd olunub. Prezident bu ay Azərbaycanın AQEM Zirvə Görüşünə ev sahibliyi etdiyini, təxminən 30 ölkəni birləşdirən təşkilatda ölkəmizin sədrliyinin yekdilliklə daha iki il uzadıldığını bildirib. Bundan əlavə, Azərbaycanın 2025-ci ildə Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu üzv kimi dəvət olunduğu xatırladılıb. Azərbaycanın coğrafi baxımdan Qafqazda yerləşməsinə baxmayaraq, regional əməkdaşlıqda rolunun və beynəlxalq nüfuzunun nəzərə alınaraq bu formata dəvət edildiyi vurğulanıb.
Prezident Azərbaycanın iqtisadi imkanlarından danışarkən xarici borcun ümumi daxili məhsulun 5 faizindən bir qədər artıq olduğunu bildirib. Ölkəmizin beynəlxalq enerji bazarlarına etibarlı təchizatçı kimi çıxış etməsi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq bağlantıların inkişafında oynadığı rol diqqətə çatdırılıb. Qeyd olunub ki, əlverişli coğrafi mövqe, infrastruktur layihələri, investisiyalar və qonşu dövlətlərlə münasibətlər Azərbaycanın regional və beynəlxalq nəqliyyat əlaqələrində əhəmiyyətini artırır.
Dövlət başçısı iqtisadi potensialın, fəal xarici siyasətin, inklüziv cəmiyyətin, multikulturalizm ənənələrinin və mədəniyyətlərarası dialoqa verilən önəmin Azərbaycanın gələcəyinə nikbin baxmaq üçün əsas yaratdığını bildirib. Bununla yanaşı, dünyada baş verən proseslərin qeyri-müəyyənliyi və yeni münaqişələrin yaranması ehtimalı nəzərə alınaraq, mümkün risklərə qarşı daim hazırlıqlı olmağın vacibliyi vurğulanıb.
Çıxışının yekununda İlham Əliyev forum iştirakçılarına təşəkkür edib və əvvəlki tədbirlərlə müqayisədə son iki ildə qlobal gündəmdə həm müsbət, həm də mənfi dəyişikliklərin baş verdiyini qeyd edib. Mənfi tendensiyalar sırasında yeni müharibələr, müsbət dəyişikliklər sırasında isə Ermənistanla sülh prosesi göstərilib. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh sazişini paraflaması, həmçinin üçtərəfli Bəyannamənin imzalanması xüsusi vurğulanıb. Prezident bu hadisələrin Cənubi Qafqazda yeni reallıqların formalaşmasına və əldə olunmuş nəticələrin beynəlxalq səviyyədə təsdiqinə töhfə verdiyini bildirib.
1
1