Gənclər arasında milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər icra olunmuşdur. 2025-ci il ərzində təşkil olunmuş düşərgələr, maarifləndirici tədbirlər, elmi konfranslar və yarışlar çərçivəsində 10000-dən artıq gənc iştirak etmiş, onların Ümummilli Lider Heydər Əliyev irsinin təbliği, Qarabağ zəfərinin önəmi və əhəmiyyəti, milli-mənəvi dəyərlər, təhlükəsizlik və vətənpərvərlik anlayışları üzrə bilikləri sistemli şəkildə gücləndirilmişdir.
Dini radikalizm və ekstremizm meyllərinin qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbirlər il ərzində ölkənin müxtəlif bölgələrində təşkil edilmişdir. İl ərzində 30 aprel-4 noyabr tarixləri arasında keçirilən zona toplantıları və görüşlərdə ümumilikdə 1047 gənc iştirak edərək dini radikalizm, ekstremizm və təhlükəsizlik mövzularında məlumatlandırılmışdır.
Elmi və tədqiqat sahəsində gənclərin inkişafı məqsədilə 15 may tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Faşizm üzərində qələbədə imzamız” mövzusunda respublika elmi konfransı təşkil olunmuş, 50-yə yaxın gənc alim və tədqiqatçı iştirak edərək 35 tezis müzakirəyə təqdim edilmişdir.
2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclərin vətəndaşlıq fəallığının, hüquqi biliklərinin, liderlik və intellektual bacarıqlarının artırılmasına yönəlmiş çoxsaylı düşərgə, maarifləndirici və intellektual tədbirlər həyata keçirilmişdir. Müxtəlif bölgələrdə təşkil olunan gənclər və könüllülər düşərgələrinə, o cümlədən şəhid və qazi övladları üçün keçirilən proqramlara 400-dən çox gənc cəlb olunmuşdur.
Maarifləndirici görüşlər və interaktiv tədbirlərdə 150-dən artıq tələbə iştirak etmiş, intellektual oyun və yarışmalar çərçivəsində isə 86 ali və orta ixtisas təhsili müəssisəsini təmsil edən 164 komanda olmaqla 820 tələbə, həmçinin 26 dövlət qurumundan 150 gənc əməkdaş mübarizə aparmışdır.
Bununla yanaşı, respublikanın bir sıra şəhərlərini əhatə edən debat forumları təşkil olunmuş, ümumilikdə layihələr minə yaxın gənci əhatə edərək Konstitusiya dəyərlərinin, dövlət suverenliyinin və fəal vətəndaş mövqeyinin təşviqinə xidmət etmişdir.
2025-ci il ərzində Zəfərin 5-ci ildönümünə həsr olunmuş düşərgələr, oyunlar və maarifləndirici tədbirlər ölkə üzrə geniş miqyasda təşkil edilmişdir. Müxtəlif formatlı düşərgələrdə (o cümlədən “Gənc Qazilərin Yay Düşərgəsi”, “Poliqon”, “Şanlı Zəfər”, “Zəfərin 5 ili”, “Zəfər salnaməsi”) 1 500-dən çox gənc iştirak etmişdir. Hərbi-idman və intellektual oyunlar çərçivəsində “Şahin” hərbi-idman oyununun rayon, zona və final mərhələlərinə 23 000-dən çox məktəbli, “Sərhəd” hərbi-idman oyunlarına 825 şagird, “GİNius 86.600” intellektual oyununa isə 40 ali və orta ixtisas təhsil müəssisəsinin komandaları cəlb olunmuşdur. Qarabağa və Bakı şəhərinə təşkil olunan ekskursiyalarda 500-ə yaxın gənc, Xankəndi şəhərində Zəfər günü münasibətilə keçirilən flaşmobda isə 1100 nəfər gənc iştirak etmişdir.
2025-ci ildə gənclərin sosial inkişafı, zərərli vərdişlərlə mübarizə, sağlam həyat tərzinin təbliği və inklüzivliyi istiqamətində müxtəlif düşərgələr, təlim proqramları və mübadilə layihələri keçirilmiş 8000-dən artıq gənc iştirak etmişdir.
Gənclər sahəsində təlimçilər üçün nəzərdə tutulmuş proqram 2025-ci ildə fəaliyyətə başlamış və ilkin mərhələdə 100-dən çox qeydiyyat həyata keçirilmişdir. 20 gənc təlimçi platformanın ilk üzvləri olaraq qeydiyyatdan keçmişdir. Proqramın əsas məqsədi gənclər üçün təlimçilərin vahid bazasının yaradılması, onların inkişafının təmin olunması, öyrənmə mühitinin gücləndirilməsi və peşəkar bacarıqlarının artırılmasıdır.
Sosial məsuliyyət və inklüzivlik mövzusunda keçirilmiş “Beynəlxalq Autizm Konfransı”, “İnklüziya və sosial məsuliyyət”, “Birlikdə Gələcəyə”, “Fərqlilikdə güc” və “İncamp” düşərgələrində əlilliyi olan və digər həssas qruplardan olan gənclərin iştirakı ilə ümumilikdə 1000-ə yaxın gənc əhatə olunmuş, onların sosial bacarıqları, özünəinam və cəmiyyətə inteqrasiyası gücləndirilmişdir. Hüquqi maarifləndirməyə yönəlmiş “Hüquqi biliklər həftəsi” layihəsi çərçivəsində 45 gənc iştirak edərək insan hüquqları, gender bərabərliyi və vətəndaş məsuliyyəti sahəsində biliklərini artırmışdır.
2025-ci ildə gənclərin texnologiya, robotexnika və yaradıcılıq sahələrində iştirakını təşviq etmək məqsədilə müxtəlif müsabiqə, düşərgə və olimpiadalarda 2 000-dən artıq gənc iştirak etmişdir. AIRO 2025, “VikiGənclik” düşərgəsi, “I am Jazzman” müsabiqəsi, Dünya Robot Çempionatının və Dünya Robot Olimpiadasının seçmə mərhələləri, eləcə də “Robocamp”, “Gənc alim və tədqiqatçılar”, “El-oba” və “Caz” düşərgələri ilə birlikdə ümumilikdə 2 055 gənc iştirak etmişdir.
Tələbə gənclər təşkilatları, müxtəlif universitetlərin tələbələrinin iştirakı ilə düşərgə, yarış, forum və intellektual fəaliyyətlərdə təxminən 9000 gənc iştirak etmiş, onların bilik, bacarıq, liderlik və komanda işinin inkişaf etdirilməsi təmin olunmuşdur. “Universitet liqası” intellektual oyununda 257 komanda və 1500-dən çox gənc iştirak etmişdir. Eyni zamanda, E-sport həvəskarları üçün 170 gənc, 53 komandanın iştirakı ilə “Azərbaycan Universitet Liqası” təşkil edilmiş, Fibonaççı İntellektual yarışı üzrə Respublika çempionatında 2000-dən çox gənc əhatə edilmişdir. Debat turnirləri və forumlarda isə 80 komanda, 600-dən çox iştirakçı, habelə “Bakı Gənclər Debat Forumu: Qış - 2025” və “Respublika Gənclər Debat Forumu”nda 920-dən çox gənc iştirak etmişdir.
20 Yanvar faciəsinin 35-ci ildönümü və 26 fevral 2025-ci il tarixində “Xocalı soyqırımı” ilə əlaqədar X platformasında sosial media aksiyası təşkil edilib.
Gənclər təşkilatlarının elektron şəbəkəsinin və reytinq sisteminin formalaşdırılması məqsədilə TƏSDİQ platforması yaradılmış və ilkin mərhələdə təxminən 50 təşkilatın müraciəti qeydə alınmışdır. 2026-cı ildə gənclər təşkilatlarının sayının artırılması və reytinq sisteminin elan edilməsi məqsədilə qeydiyyatın davam etdirilməsi planlaşdırılmışdır.
2025-ci il ərzində ölkə üzrə gənclərin inkişafı və fəallığının artırılması məqsədilə geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. İlin əvvəlindən sonunadək təşkil olunmuş düşərgə, forum və proqramlarda ümumilikdə 778 nəfər gənc iştirak etmişdir. Tədbirlər arasında “Könüllü Baharı” (150 iştirakçı), “GəncLİK Gənc Liderlərin İnkişafı və Karyerası” (98 iştirakçı), “Gənclərin Liderlik Akademiyası - 4” (120 iştirakçı), NexgenAİ düşərgəsi (60 iştirakçı), Azərbaycan Skautlarının Milli Dəyərlər və Liderlik Forumu (təlimlər və interaktiv fəaliyyətlər), “Bilik Kuboku” final mərhələsi (91 iştirakçı) və “Azərbaycan Könüllülük Həftəsi - 2025” çərçivəsində Həmrəylik Düşərgəsi (150 iştirakçı) yer almışdır.
2025-ci ildə ölkə üzrə 33 “Gənclər evi” sosial xidmət müəssisəsində 5943 tədbir təşkil olunub və ümumilikdə 112.969 gənc iştirak edib. İl ərzində regionlarda gənclərlə iş sahəsində çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə 7 mərkəzdə təlim proqramları, maliyyə və idarəçilik təlimləri, panel müzakirələr, ekskursiyalar, sosial aksiyalar, “4P Gənclər evi” düşərgəsi keçirilmiş, təlim və düşərgələrdə iştirak edən 250-dən çox müəssisə əməkdaşı fəaliyyətlərdə iştirak edib, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müxtəlif proqramlara cəlb olunmuşdur.
2025-ci il ərzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən İƏT, D-8, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, Avropa Şurası və ikitərəfli formatlar çərçivəsində geniş beynəlxalq fəaliyyət həyata keçirilmişdir. İl ərzində 20-dən çox beynəlxalq və regional tədbir, forum, iclas, festival, düşərgə və mübadilə proqramı təşkil edilmiş və ya onlarda iştirak təmin olunmuşdur.
Bu fəaliyyətlər Avropa, Asiya və Afrika məkanını olmalq təxminən 25-dən çox ölkəni (Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Mərakeş, Fransa, Malta, Misir, Belarus və s.) əhatə etmişdir. Tədbirlərdə ümumilikdə 1 500-dən artıq yerli və xarici iştirakçı, o cümlədən 300-dən çox beynəlxalq nümayəndə (gənclər, ekspertlər, rəsmi şəxslər, təlimçilər) iştirak etmişdir.
İl ərzində gənclər siyasəti, könüllülük, qeyri-formal təhsil, liderlik, davamlı inkişaf, iqlim, innovasiya, mədəniyyət və beynəlxalq əməkdaşlıq istiqamətlərində onlarla panel, təlim, forum və yüksək səviyyəli görüşlər keçirilmiş, bir sıra protokollar və tövsiyə xarakterli sənədlər qəbul olunmuşdur.
2025-ci il ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi və aidiyyəti qurumların iştirakı ilə Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə təmsilçiliyi geniş miqyasda təmin edilmişdir. İl ərzində təxminən 50-dən çox beynəlxalq tədbir (forumlar, konfranslar, yarışlar, sammitlər, düşərgələr, mübadilə proqramları və çempionatlar) üzrə ezamiyyətlər həyata keçirilmişdir.
Bu tədbirlər çərçivəsində Azərbaycan 30-dan artıq ölkədə (o cümlədən ABŞ, Yaponiya, Çin, Koreya, Avstraliya, Braziliya, İndoneziya, Sinqapur, Böyük Britaniya, Avstriya, Almaniya, İtaliya, İsveçrə, Danimarka, Estoniya, Finlandiya, Macarıstan, Malta, Portuqaliya, İspaniya, Rumıniya, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Mərakeş, Misir, İran və s.) təmsil olunmuşdur.
Ümumilikdə, beynəlxalq səfər və tədbirlərdə 400-dən çox gənc və mütəxəssis iştirak etmiş, onlar elm, təhsil, innovasiya, robototexnika, iqlim dəyişiklikləri, hüquq, gənclər siyasəti, könüllülük, mədəniyyət, idman, kulinariya, skautluq və liderlik sahələrində ölkəmizi təmsil etmişlər.
“Lənkəran şəhəri - Türk dünyasının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı çərçivəsində
12 iyun 2025-ci il tarixində Lənkəran şəhərində TDT-nin “III Gənclər Könüllülük və Təhsil Proqramı” keçirilmiş, tədbirdə üzv ölkələrin nümayəndələri də daxil olmaqla 100 nəfər iştirak etmişdir. Proqram çərçivəsində könüllülük fəaliyyətinə dair təlimlər və təcrübə mübadiləsi aparılmışdır.
Həmin gün “Lənkəran-2024 Türk Dünyasının Gənclər Paytaxtı” proqramının rəsmi bağlanış mərasimi keçirilmiş, “Gənclər Paytaxtı” rəmzi açarı Qazaxıstanın Almatı şəhərinə təqdim olunmuş, proqramın icrasına töhfə verən qurumlar və gənclər təltif edilmişdir. Bağlanış mərasimində 600-dən çox iştirakçı iştirak etmişdir.
Azərbaycan Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində
12-13 noyabr 2025-ci il tarixlərində Bakı şəhərində AQEM Gənclər Şurasının 8-ci iclası, AQEM ölkələrinin könüllülük hərəkatı liderlərinin forumu, “AQEM gənclərinin beyinfırtınası” interaktiv yarışması keçirilmiş, 19 ölkədən 110 nümayəndə iştirak etmişdir. Tədbir çərçivəsində “Tövsiyyələr sənədi” qəbul olunmuş, Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda Davos formatlı yan tədbir, beynəlxalq esse və süni intellekt müsabiqələrinin qaliblərinin mükafatlandırılması həyata keçirilmiş, Bakı şəhərinə nümayəndə heyətlərinin səfəri təşkil olunmuşdur. Eyni zamanda, Azərbaycan-Misir arasında gənclər və idman sahəsində ikitərəfli görüş keçirilmişdir.
2025-ci il ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclərin intellektual, yaradıcılıq və asudə vaxtının səmərəli təşkili məqsədilə il ərzində “Breyn Rinq” intellektual oyunu üzrə XXV və XXVI Azərbaycan çempionatları televiziya formatında təşkil edilmiş, hər çempionatda 200-dən çox iştirakçı mübarizə aparmışdır. Eyni zamanda, may-iyun aylarında keçirilən “Stand up Gənc Liqa” televiziya yarışması 500-dən artıq gənci əhatə etmişdir.
Bununla yanaşı, Nazirliyin təşəbbüsü və tərəfdaş qurumların dəstəyi ilə həyata keçirilən “ŞənGənc” televiziya layihəsinin 2-ci mövsümü 2025-ci ildə uğurla yekunlaşdırılmış, 32 “Gənclər evi”ni təmsil edən komandalar müxtəlif mövzular üzrə video və canlı çıxışlarla iştirak etmişdir.