Prezident İlham Əliyev Zirvə görüşündə dövlət və hökumət başçılarını salamlayaraq dedi:
"İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz.
Qazaxıstana ECO-ya uğurlu sədrliyi münasibətilə təşəkkürümü bildirirəm.
Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir.
Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var.
Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir.
İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.
Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir.
Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.
İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır".