2020-ci il sentyabrın 27-də ermənilərin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq göstərdilər. Onların misilsiz şücaəti, xalq-ordu-iqtidar birliyi nəticəsində düşmən işğalı altında olan torpaqlarımız azad edilərək əzəli və əbədi sahibinə qaytarıldı. Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur oldu. Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan Azərbaycana təhvil verildi.
Beş il əvvəl noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlətimizin başçısının Ağdamda Azərbaycanın üçrəngli Bayrağını qaldırması haqq işinin zəfər çalması kimi milyonlarla soydaşımızın qəlbində son dərəcə böyük qürur və sevinc hissi oyatdı. Prezidentin həmin səfər zamanı səsləndirdiyi fikirlər hər kəsdə böyük ümidlər yaratdı: “... Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.