“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev
Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük strateji əhəmiyyətə malik şəhərlərindən biridir. Adının qədim türk dilində “kiçik qala” mənasını daşıdığı bildirilən Ağdam XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi ağ daşdan imarətlə daha da tanınmışdır. 1930-cu ildə rayon statusu almış Ağdam Qarabağın mərkəzində, mühüm coğrafi mövqedə yerləşir. Ərazidə aparılan arxeoloji tədqiqatlar burada qədim yaşayış məskənlərinin mövcudluğunu, əhalinin hələ Eneolit dövründən əkinçilik və maldarlıqla məşğul olduğunu təsdiqləyir. Üzərriktəpədə aşkar edilən maddi-mədəniyyət nümunələri Ağdamın qədim şəhərsalma və mədəniyyət tarixində mühüm yer tutduğunu göstərir.
1993-cü il iyulun 23-də Ağdam rayonunun ərazisinin böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində 128 minə yaxın sakin doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Minlərlə insanın həlak olduğu və yaralandığı döyüşlər zamanı rayonun yaşayış məntəqələri, sosial-iqtisadi infrastrukturu, tarixi və dini abidələri dağıdıldı, mədəni sərvətləri talan edildi. Bir vaxtlar inkişaf etmiş şəhər olan Ağdam erməni vandalizminin nəticəsində xarabalığa çevrildi və haqlı olaraq “Qafqazın Xirosiması” adlandırıldı.
Beynəlxalq təşkilatların qərar və qətnamələrinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il tarixli 853 saylı qətnaməsinə baxmayaraq, Ermənistan işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaqla bağlı tələbləri yerinə yetirmədi. İşğal dövründə Ağdamın tarixi-mədəni irsinə qarşı vandalizm aktları törədildi, yaşayış məntəqələri dağıdıldı, ərazilər talan edildi.
Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər nəticəsində imzalanmış 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, 20 noyabr 2020-ci ildə Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, rayonun işğalına son qoyuldu, ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm tarixi mərhələ gerçəkləşdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Ağdamın azad olunmasına görə” medalı təsis edildi və Ağdam uğrunda döyüşlərdə iştirak etmiş minlərlə hərbi qulluqçumuz bu medalla təltif olundu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi və 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyənləşdirildi.
Ağdamın azad edilməsindən sonra şəhərdə və rayonun kəndlərində genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli Qərarı ilə Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiq edildi. Baş plana əsasən, şəhərin müasir urbanistik prinsiplər əsasında yenidən qurulması, yaşayış məhəllələrinin, sosial obyektlərin, yolların, parkların və digər infrastrukturun yaradılması nəzərdə tutulur. Gələcəkdə şəhərdə 100 min nəfərədək əhalinin yaşaması planlaşdırılır.
Bu gün Ağdamda beş yaşayış məhəlləsinin inşası həyata keçirilir, kəndlərin bərpası və yenidən qurulması davam etdirilir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin ilk mərhələləri istifadəyə verilmiş, digər kəndlərdə tikinti işlərinə başlanılmışdır. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə təmin olunur. 2026-cı ilin noyabr ayına olan məlumata görə, Ağdam şəhərində və Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə olmaqla 8300 nəfər məskunlaşıb.
Rayonun iqtisadi potensialının bərpasında Ağdam Sənaye Parkı mühüm rol oynayır. 190 hektar ərazini əhatə edən parkda müxtəlif istehsal müəssisələri yaradılır, yeni investisiya layihələri həyata keçirilir və yüzlərlə sakin daimi işlə təmin olunur. Bununla yanaşı, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət və turizm infrastrukturu da sürətlə inkişaf etdirilir.
2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, eləcə də Ağdam Muğam Mərkəzi istifadəyə verildi. Şəhərdə yeni məktəb və körpələr evi-uşaq bağçası binaları tikildi, tarixi abidələr bərpa olundu, İmarət Kompleksi yenidən quruldu. “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” hotellərinin istifadəyə verilməsi isə bölgənin turizm potensialının inkişafına mühüm töhfə verdi.
Prezident İlham Əliyevin işğaldan azad edildikdən sonra Ağdama çoxsaylı səfərləri zamanı şəhərin və kəndlərin bərpası, sənaye, nəqliyyat, enerji, sosial və mədəni infrastruktur layihələrinin təməli qoyulmuş, bir sıra obyektlərin açılışları həyata keçirilmişdir. 2026-cı il noyabrın 7-də Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq, yeni istehsal müəssisələrinin açılışı və sənaye parkında həyata keçirilən layihələrlə tanışlıq rayonun inkişafının ardıcıl şəkildə davam etdiyini bir daha nümayiş etdirmişdir.
Bu gün Ağdamda aparılan genişmiqyaslı quruculuq işləri xalqımızın tarixi Zəfərinin real nəticələrini əks etdirir. Bir zamanlar dağıdılmış, xarabalığa çevrilmiş şəhər yenidən qurulur, doğma yurdlarından didərgin düşmüş sakinlər öz evlərinə qayıdır, yeni iş yerləri və müasir yaşayış məkanları yaradılır.
20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın iradəsinin, qəhrəmanlığının, milli birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün Ağdam uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizin fədakarlığını qiymətləndirmək və doğma torpaqlarımızın dirçəlişini qeyd etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Ağdam bu gün yenidən qurulur, dirçəlir və öz əvvəlki şöhrətinə qovuşur. Qarabağın bu qədim şəhərində aparılan quruculuq işləri Azərbaycanın gücünü, inkişafını və gələcəyə inamını nümayiş etdirir.