Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid anaları və şəhid ataları, polislər, kənd sakinləri iştirak etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Əvvəlcə Dini icmanın üzvü tərəfindən Qurani-Kərimdən ayələr oxunub.
Sonra Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək demişdir: Bu gün Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhu şaddır. Çünki uğrunda şəhid olduqları, müstəqil və azad görmək istədikləri Azərbaycanın ərazi bütövlüyü Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Şanlı Ordumuz tərəfindən bərpa olunub. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalanır.
44 günlük Zəfər savaşında və bir gün çəkən antiterror tədbirlərində dünya Azərbaycan əsgərinin şücaətini və ordumuzun gücünü gördü.
Daha sonra Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, Ali Məclisin deputatı Xəzəngül Orucova və şəhid ataları çıxış etmiş, şagirdlər şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləmişlər.
Sonda Xok kənd qəbiristanlığındakı şəhidlərimizin müqəddəs məzarları ziyarət olunaraq üzərlərinə tər qərənfillər düzülmüş, xatirələri dərin ehtiramla anılmışdır.