10 mart 2025-ci il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin və Uşaq Səfirlər Məclisinin birgə təşkilatçılığı ilə "Qızlar müzakirəyə qoşulur" layihəsi çərçivəsində Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində "Uşaqlara kitab verək, həyat yükü yox" mövzusunda tədbir keçirilmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Əsgərov, Uşaq Səfirlər Məclisinin Kəngərli rayon üzrə nümayəndələri Əli Şəfizadə, Sevgi Əliyeva və Uşaq Səfirlər Məclisinin fəal gənci Azərin Əsədovanın çıxışları dinlənilib.
Tədbirdə çıxış edənlər məktəbli qızlara erkən nikah və onun cəmiyyətimizdə törətdiyi fəsadlardan danışıblar. Erkən nikahın qarşısının alınması üçün qızlarda təhsilin vacibliyi vurğulanaraq, bu kimi mənfi hallarla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaratdığını vurğulamışlar.
Sonda Uşaq Səfirlər Məclisinin nümayəndələri tədbir iştirakçılarına müxtəlif növ kitablar təqdim ediblər.