"Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəngərli Rayon Mədəniyyət Sarayında "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda tədbir keçirilib.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini dərin ehtiramla yad ediblər. Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev , Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hüquq təminatı və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Təsisatının İnsan hüquqlarının müdafiə şöbəsinin baş məsləhətçisi Həsən Həsənov və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran mükəmməl normativ-hüquqi sənəddir.
Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən demokratik prinsiplərini və insan haqlarını özündə ehtiva etməklə yanaşı, ölkəmizdə hüquqi dövlətin və insan azadlıqlarının qarantıdır. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunması, dünya ölkələri ilə dostluq və əməkdaşlığın inkişafı kimi ali məqsədlərə xidmət edən mühüm qanunvericilik bazası rolunu oynayır.
Sonda şagirdlər tərəfindən şeirlər səsləndirilib, "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Dövlətin əsasları" adlı sənədli film nümayiş olunub.
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg
jpg