Ümummilli lider Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva:

Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Ulu Öndər xalqımızı can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Buna görə də O, Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər kimi hələ sağlığında xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanmışdır. “Xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır”– deyən Ulu Öndər həyatının mənası Azərbaycanı müstəqil və qüdrətli dövlətə çevirmək olmuşdur.

Ümummilli lider Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən dövrdə Azərbaycan böyük inkişaf yolu keçmiş, ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. İqtisadi, siyasi və hərbi sahədə güclü potensial yaradılmışdır.

Görülən işlər işğal altında qalan torpaqlarımızın azad olunmasına imkan verdi. “Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, müstəqil dövlətimiz öz ərazisinin bütün hissələrinin sahibi olacaqdır”, – deyən Ulu Öndərin uzaqgörənliyinin heç bir sübuta ehtiyacı olmadığı bir daha təsdiq edildi.

Ulu Öndər Heydər Əliyev siyasi yolunun davam etdirilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə, dünya sivilizasiyasının tərəqqisinə xidmət edir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan naminə həyata keçirdiyi tədbirləri ən dəqiq formada Ulu Öndərimizin özü belə ifadə etmişdir: “Böyük iftixar hissi ilə deyə bilərik ki, artıq biz öz taleyimizin, öz ölkəmizin sahibiyik”.
Millətin məhəbbətini, sevgisini qazanmış dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının qəlbində qurucu və xilaskar İNSAN kimi əbədi olaraq yaşayacaqdır.