Ulu Öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilməsi ilə əlaqədar

“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” - Ulu Öndər Heydər Əliyev
Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.
Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır.
Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb.
Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası Azərbaycan Respublikası və Naxçıvan MR xalq deputatı Heydər Əliyevi yekdilliklə sədr seçmişdir.
Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoyub.
Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin parlaq səhifələrini təşkil edir. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açıb.